Avropa çempionatı: Azərbaycan güləşçiləri 1 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıblar

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında bürünc medal qazanıb.

"Report"un məlumatına görə, 130 kq-da çıxış edən Sərxan Məmmədov 3-cü yer uğrunda görüşdə yunanıstanlı Nikolas Ntoniasla üz-üzə gəlib.

Rəqibini 6:1 hesabı ilə məğlub edən Məmmədov 3-cü yeri tutub.

Beləliklə, Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempionatına 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başlayıblar. "Klassiklər"dən Xasay Həsənli (77 kq) Avropa çempionu olub, Ziya Babaşov (63 kq) gümüş, Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) isə bürünc medala sahib çıxıb. 

21:35

Azərbaycanın yunan-Roma güləşçisi Laçın Vəliyev Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 87 kq-da mübarizə aparan idmançının rəqibi ermənistanlı Gevorq Tadevosyan olub.

6:5 hesablı qələbə qazanan Vəliyev Avropa üçüncüsü olub.

21:18

Azərbaycanın yunan-Roma güləşçisi Xasay Həsənli Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

"Report"un məlumatına görə, 77 kq-da çıxış edən idmançı finalda gürcüstanlı Davit Soloqaşvili ilə qarşılaşıb.

İlk hissədəcə rəqibinə tam üstünlüklə - 10:0 hesabı ilə qalib gələn Həsənli fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

20:46

Azərbaycanın yunan-Roma güləşçisi Ziya Babaşov Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 63 kq-da yer alan idmançı gürcüstanlı Giorgi Şotadze ilə qarşılaşıb.

Rəqibinə 0:3 hesabı ilə uduzan Babaşov gümüş medalla kifayətlənib.

Digər xəbərlər