AMADA 15 aprel – 15 may tarixlərini "Ədalətli İdman Ayı" elan edib

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 15 aprel – 15 may tarixlərini ölkəmizdə "Ədalətli İdman Ayı" elan edib.

Bu barədə "Report"a qurumdan məlumat verilib.

Bildirilib ki, Ümumdünya Antidopinq Agentliyi (WADA) aprelin 17-ni dünyada "Ədalətli İdman Günü" elan edib. Təmiz idman dəyərlərinə həsr olunan bu gün dopinqə qarşı qlobal mübarizə ilə bağlı idmançılar, idman ictimaiyyəti və digər maraqlı tərəflər üçün maarifləndirmə məqsədi daşıyır.

Hər il WADA-nın təşəbbüsünə qoşulan AMADA 2026-cı il 15 aprel – 15 may tarixlərini ölkəmizdə "Ədalətli İdman Ayı" elan edib.

WADA hər il müxtəlif formatlarda qeyd olunan "Ədalətli İdman Günü"nün bu il də rəqəmsal platformalar vasitəsilə geniş şəkildə təbliğ olunması üçün çağırış edib. Ali antidopinq qurumu cari ildə bu günün "Ədalətli yarış səndən başlayır" şüarı altında keçirilməsini və bu mövzuda paylaşımların #PlayTrueDay həştəqi ilə yayılmasını tövsiyə edir.

"Ədalətli İdman Ayı – 2026" çərçivəsində AMADA-nın müxtəlif sosial media kanallarında bu günlə bağlı paylaşımların edilməsi ilə yanaşı, Azərbaycanın bölgələrində maarifləndirici tədbirlərin təşkili, müxtəlif təhsil müəssisələrində görüşlərin keçirilməsi, idman federasiyaları ilə əməkdaşlıq çərçivəsində tədbirlərin reallaşdırılması planlaşdırılır. Bununla yanaşı, sosial media kampaniyalarının aparılması və ictimai təşviqat layihələrinin icrası da nəzərdə tutulur.

WADA 2014-cü ildən etibarən hər il apreldə "Ədalətli İdman Günü"nü qeyd edir. Müxtəlif tarixlərdə keçirilən bu əlamətdar gün 2026-cı ildə 17 aprelə təsadüf edir. Artıq 12 ildir ki, "Ədalətli İdman Günü" beynəlxalq səviyyədə geniş şəkildə qeyd olunur.

Digər xəbərlər