Azərbaycanın qadın güləşçisi reytinq turnirində medal qazanıb

Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə Yaşar Doğu - Vehbi Əmrə - Hamit Kaplan reytinq turnirinin üçüncü yarış günündə Azərbaycan yığması bir medal qazanıb.

"Report"un məlumatına görə, 53 kq çəki dərəcəsində yer alan qadın güləşçi Alyona Kolesnik bürünc medala sahib olub.

O, ilk görüşdə moldovalı son Avropa çempionu Anastasiya Nikitaya məğlub olub - 0:2. Ancaq rəqibin finala yüksəlməsi Kolesnik üçün təsəlliverici görüşlərə qatılmaq imkanı yaranıb. O, həlledici görüşdə rumıniyalı Katerina Jidaçevskayaya 8:2 hesabıyla qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Digər qadın güləşçilərə gəldikdə, Elis Manolova (65 kq) startda türkiyəli Gülsüm Bingölə heç bir şans tanımayıb - 11:0. 1/4 finalda o, rusiyalı Mariya Kuznetsova ilə gərgin mübarizə şəraitində keçən görüşdən 6:5 hesablı qələbə ilə ayrılaraq adını yarımfinala yazdırıb.

Ancaq finalın bir addımlığında son dünya çempionatının bürünc medalçısı, ABŞ təmsilçisi Forrest Molinariyə uduzan Manolova bürünc medal uğrunda görüşdə ABŞ-ın digər təmsilçisi Emma Bruntilə 2:3 hesabıyla məğlub olaraq, 5-ci yerlə kifayətlənib.

Türkan Nəsirova (50 kq) ilk mərhələdə tunisli Sara Hamdiyə 0:6, Tatyana Varansova (53 kq) 1/8 finalda qazax Jıldız Yeşimovaya yenilib - 1:3.

Digər xəbərlər