Bu ilin yanvar ayında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 18,918 milyon barel neft nəql edilib.
Bu barədə “Report” Türkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ şirkətinə istinadən xəbər verir.
Bu, 2023-cü ilin yanvar ayı ilə müqayisədə 249 min barel və yaxud 1,3 % azdır.
Xatırladaq ki, 2023-cü ilin yanvarında Türkiyə ərazisi ilə BTC ilə 19,167 milyon barel xam neft tədarük edilib.
2023-cü ildə Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 228,811 milyon barel neft nəql edilib ki, bu da 2022-ci illə müqayisədə 3,366 milyon barel və yaxud 1,49 % çoxdur.
Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.