Azərbaycan təbii qazını Avropaya nəlq edən Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) qısamüddətli ötürücülük qabiliyyətinin artırılması üçün kommersiya həlləri hazırlanıb.
“Report”un TAP konsorsiumuna istinadən verdiyi məlumata görə, bunu TAP-ın icraçı direktoru Luka Şippati (Luca Schieppati) Vyanada keçirilən “European Gas Conference” tədbirində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, indiyədək TAP vasitəsi ilə Avropaya 22 milyard kubmetrdən çox qaz tədarük edib: “Bazarın tələbatını qarşılamaq üçün biz boru kəmərinin 2022-ci ilin fevralın ortalarından tam gücü ilə işləməsi həddinə çatmağa yaxın idik".
TAP-ın icraçı direktoru bildirib ki, boru kəməri bu yaxınlarda potensialın genişləndirilməsinin birinci səviyyəsini işə salıb.
L. Şippati qeyd edib ki, 2026-cı ildən əlavə 1,2 milyard kubmetr qaz həcmləri nəql ediləcək və, bu, kəmərin gücünün illik 20 milyard kubmetrə çatdırılmasına qədər prosesin ilkin mərhələsi olacaq”.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.