Bu ilin aprel ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR neft emalı zavodu (NEZ) 601 min 035 ton dizel yanacağı istehsal edib.
Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.
Bildirilir ki, bu, ötən ilin aprel ayı ilə müqayisədə 61 min 298 ton və ya 11,35 % çoxdur.
Ümumilikdə isə aprel ayında Türkiyədə neft emalı zavodları tərədindən 1 milyon 480 min 577 ton dizel yanacağı istehsal edilib ki, bu da 2021-ci ilin aprel ayı ilə müqayisədə 37 min 591 ton və ya 2,6 % çoxdur.
Qeyd edək ki, STAR neft emalı zavodu 2021-ci ilin aprel ayında 539 min 737 ton dizel yanacağı istehsal edib.
Xatırladaq ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.
Zavodun illik xam neft emal gücü 11 milyon tona çatdırılıb. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.