SOCAR İsraildən iri həcmdə karbamid sifarişi ala bilər

İsrailin maliyyə naziri Aviqdor Liberman Azərbaycana budəfəki səfəri zamanı müxtəlif növ məhsulların alınması ilə bağlı danışıqlar aparmalıdır. Xüsusilə, İsrailin kənd təsərrüfatında tələbatı olan karbamidin tədarükü məsələsini müzakirə edəcəklər.

“Report”un “Fertilizer Daily” analitik-informasiya agentliyinə istinadən verdiyi məlumata görə, İsrailin kənd təsərrüfatı ehtiyaclarının təchizatçı isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Kabamid zavodu çıxış edəcək.

Nəşr qeyd edib ki, Karbamid zavodu 2018-ci ilin yanvar ayında istifadəyə verilib. Zavoda yatırılan investisiyaların həcmi 800 milyon avro təşkil edib. Karbamid zavodu illik 435 milyon kubmetr təbii qaz istehlak edir ki, bu da illik 660 min tona qədər karbamid istehsal etməyə imkan verir.

“Fertilizer Daily” nəşri yazır ki, Azərbaycanda karbamid istehlakı illik 150 ​​min tonu keçmir: “Ona görə də SOCAR onu dünyanın müxtəlif ölkələrinə - Braziliya, Gürcüstan, Türkiyə, Moldova, Rumıniya, İtaliya, Bolqarıstana ixrac edir. Bu yaxınlarda Hindistana böyük bir karbamid partiyası göndərilib. Karbamidin İsrailə tədarükü onun satış coğrafiyasını genişləndirməyə imkan verəcək”.

Qeyd edək ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki “SOCAR Karbamid” zavodunda istehsal edilir. Karbamid zavodu 2022-ci ildə 600 min ton məhsul istehsal etməyi proqnozlaşdırır. Bu həcmlər 2021-ci ilin istehsalından 244,7 min ton və ya 68,9 % çoxdur.

Məlumata görə, ötən il zavodun ümumi istehsalı 355,3 min ton təşkil edib ki, bu, 2020-ci illə müqayisədə 197,3 % çoxdur.

Ötən il ərzində zavod tərəfindən 323,4 min ton məhsul ixrac edilib ki, bu da 2020-ci ilin göstəriciləri ilə müqayisədə 366,3 % çoxdur.

Bu ilin birinci rübündə “SOCAR Karbamid” zavodunun xarici bazarlara ixrac həcmi 8 dəfə, dəyəri isə 33 dəfə artıb. Zavod tərəfindən daxili bazara 53,4 min ton karbamid satılıb. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 224 % çoxdur.

Digər xəbərlər