2021-ci ildə Səngəçal terminalından gündəlik orta hesabla təxminən 61 milyon standart kubmetr (2 milyard 166 milyon standart kubfutdan artıq) “Şahdəniz” qazı ixrac edilib. Bu da 2020-ci ilin göstəriciləri ilə müqayisədə 12 milyon kubmetrdən və ya 24,5 % çoxdur.
“Report” xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə 2021-ci ilin yekunları ilə bağlı yaydığı hesabatda qeyd edilib.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və “Şahdəniz” qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixrac gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.
Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini "Azəriqaz"ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.
2021-ci il ərzində terminaldan həmçinin təxminən 231 milyon barel neft və kondensat ixrac edilib ki, bu 2020-ci ilin göstəriciləri ilə müqayisədə 8 milyon barel və ya 3,34 % azdır.
Ötən il ərzində o cümlədən 200 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə ixrac edilib ki, bu da 2020-ci il ilə müqayisədə 8 milyon barel və ya 3,85 % azdır.
2021-ci il ərzində 31 milyon bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac edilib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə eynidir.