Samir Vəliyev: "Enerji Effektivliyi Fondunun yaradılması işləri tamamlanmaq üzrədir"

Artıq Enerji Effektivliyi Fondunun yaradılması işləri tamamlanmaq üzrədir və yaxın vaxtlarda bu fond vasitəsilə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanacaq.

"Report" xəbər verir ki, bunu energetika nazirinin müavini Samir Vəliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında - “İstilik təchizatı haqqında” qanun layihəsinin müzakirəsində bildirib. 

Onun sözlərinə görə, elektroenergetika və ümumilikdə energetika sahəsini əhatə edən bir neçə qanun layihəsi hazırlanaraq hazırda razılaşdırma mərhələsindədir.

"Bu qanunlar beynəlxalq təcrübəyə əsaslanan müasir normaların tətbiqinə və sahədə əməli nəticələrin qısa müddətdə əldə olunmasına imkan yaradacaq. xüsusilə bərpa olunan enerji mənbələrinin tətbiqi sayəsində nəzərəçarpacaq irəliləyişlər əldə olunub və yaxın illərdə “yaşıl enerji”nin ölkənin enerji istehsalında xüsusi çəkisi daha da artacaq. Bundan əlavə, enerji səmərəliliyi sahəsində görülən tədbirlər ölkənin enerji resurslarının daha səmərəli istifadəsini təmin edir. Elektroenergetika sahəsində islahatlar isə plan üzrə davam etdirilir", - deyə S.Vəliyev qeyd edib.

Xəbər lenti