ABŞ-ın strateji ehtiyatlardan gündəlik 1 milyon barel istifadə edə biləcəyi haqqında xəbərlərdən sonra dünya bazarlarında neftin qiyməti orta hesabla 5% düşüb.
“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin iyun fyuçersləri 4,26% ucuzlaşaraq, 1 bareli 106,69 ABŞ dollarına satılıb. WTI neftinin may fyuçerslərinin qiyməti isə 5,43% aşağı düşərək, 1 bareli 101,96 ABŞ dolları təşkil edib.
“Bloomberg” agentliyinin məlumatına görə, neft çatışmazlığının davam etdiyi və benzin qiymətlərinin yüksək olduğu bir zamanda Ağ Ev strateji ehtiyatlardan gündəlik 1 milyon barel istifadə edilməsini nəzərdən keçirir.
İnvestorlar ABŞ üzrə birmənalı olmayan statistikanı qiymətləndirməkdə davam edirlər. Belə ki, analitiklərin gözləntilərinin əksinə olaraq, ötən həftə ərzində benzin və distillyat ehtiyatları artıb. Bundan başqa, ölkədə neft hasilatı da ötən həftə ilə müqayisədə gündəlik 100 min barel artıb. ABŞ-ın Energetika Nazirliyi martın 25-dək olan həftə ərzində ABŞ-da “qara qızıl” ehtiyatının 3,4 milyon barel azalaraq, 409,9 milyon barelə düşdüyünü açıqlayıb. Bu isə 2018-ci ilin sentyabrından sonra minimun göstərici hesab olunur.