Ötən ilin "yaşıl enerji" gündəminə baxış - TƏHLİL

Son illər qlobal enerji bazarlarında yaşanan dalğalanmalar, iqlim dəyişikliklərinin sürətlənməsi və karbon emissiyalarının azaldılması ilə bağlı beynəlxalq öhdəliklər bir çox ölkələri enerji siyasətinə yenidən baxmağa məcbur edib. Fosil yanacaqlardan asılılığın azalması, enerji təhlükəsizliyinin gücləndirilməsi və davamlı inkişaf hədəfləri fonunda bərpa olunan enerji artıq strateji zərurətə çevrilib.

Bu qlobal çağırışlar 2025-ci ildə də Azərbaycanın enerji gündəliyində əsas istiqamətlərdən biri olaraq qalıb. Günəş, külək, dəniz dalğası və digər "yaşıl enerji" mənbələrinin inkişafı ilə yanaşı, dekarbonizasiya siyasəti ölkənin uzunmüddətli iqtisadi və ekoloji strategiyasının ayrılmaz hissəsinə çevrilib. İşğaldan azad olunmuş ərazilərin "yaşıl zona" elan edilməsi, Naxçıvan və bir sıra digər regionlarda "yaşıl enerji məkanı" konsepsiyasının tətbiqi bu yanaşmanın praktik nəticələrini açıq şəkildə ortaya qoyur.

Ötən il bu sahədə bir tərəfdən irimiqyaslı layihələr üzrə konkret nəticələr əldə olunub, digər tərəfdən isə yeni təşəbbüslərin təməli qoyulub. "Report" il ərzində "yaşıl enerji" sahəsində yadda qalan əsas hadisələrə nəzər salır.

Günəşdən gələn rekord

Ötən ilin enerji salnaməsində xüsusi yer tutan hadisələrdən biri Bakıdan bir qədər aralıda yerləşən 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasında (GES) 1 milyard kilovat/saat elektrik enerjisinin istehsalı olub. 2023-cü ildə istismara verilən Qaradağ GES Azərbaycanın bərpa olunan enerji sektorunda ilk irimiqyaslı beynəlxalq investisiya layihəsi kimi "yaşıl enerji" keçidinin əsas dayaqlarından birinə çevrilib.

Cəmi iki il ərzində istehsal olunan bu həcmdə enerji ölkə üzrə 220 milyon kubmetr təbii qaza qənaət etməyə imkan verib və atmosferə 400 min ton karbon qazı tullantısının qarşısını alıb. Başqa sözlə, Qaradağ GES təkcə enerji istehsal etməyib, eyni zamanda ekoloji balansın qorunmasına real töhfə verib.

Hazırda stansiya ildə təxminən 500 milyon kilovat/saat elektrik enerjisi istehsal etməklə 110 minə yaxın ev təsərrüfatını "yaşıl enerji" ilə təmin edir.

2025-ci ildə "yaşıl enerji" xəritəsində daha bir mühüm hadisə Biləsuvar Günəş Elektrik Stansiyasında (GES) qeydə alınıb. 445 MVt gücündə olan stansiyada ilk günəş panelinin quraşdırılması layihənin aktiv mərhələyə keçdiyini göstərib.

Ümumi sahəsi 1 400 hektar təşkil edən Biləsuvar GES-də Çinin "JA Solar" şirkətinin istehsalı olan, hər iki üzü ilə elektrik enerjisi istehsal edən 943 mindən artıq günəş panelinin quraşdırılması nəzərdə tutulur. Gücü 625-630 Vt olan panellər mərhələli şəkildə əraziyə gətirilir. Stansiya 8 131 ədəd tək oxlu izləmə sistemi ilə təchiz ediləcək ki, bu da günəş şüalarından maksimum faydalanmağa imkan verəcək.

Layihə çərçivəsində panellərin istismarı da texnoloji yeniliklərə əsaslanır: təmizləmə prosesi xüsusi qurğular vasitəsilə avtomatik həyata keçiriləcək. Stansiyanın 2026-ci il ərzində istismara verilməsi planlaşdırılır.

Əldə olunan enerji batareyalarda saxlanılacaq

2025-ci ilin enerji gündəliyində xüsusi yer tutan hadisələrdən biri də Azərbaycanda regionun ən iri Batareya Enerji Saxlanc Sistemlərinin (BESS) qurulmasına start verilməsi oldu. Bu addım ölkədə bərpa olunan enerji mənbələrinin sürətli inkişafını dəstəkləyən strateji infrastruktur mərhələsi kimi qiymətləndirilir. Layihə çərçivəsində "AzərEnerji" ASC tərəfindən genişmiqyaslı batareya saxlanc sistemləri ölkəyə gətirilərək quraşdırılır.

Gücünə və enerji tutumuna görə bütövlükdə MDB məkanında analoqu olmayan bu mərkəzlər paytaxta yaxın yerləşən 500 kV-luq "Abşeron", eləcə də ölkənin mərkəz hissəsində yerləşən 220 kV-luq "Ağdaş" yarımstansiyalarının ərazilərində inşa edilir. Ümumi gücü 250 meqavat, enerji tutumu isə 500 meqavat/saat olan bu sistemlər üçün nəzərdə tutulan batareya avadanlıqlarının ilk partiyası artıq Azərbaycana çatdırılıb.

Çinin "Great Power" zavodunda xüsusi sifariş əsasında yığılan bu texnoloji nəhənglər uzun və mürəkkəb bir logistika marşrutu qət edib. Gəmilərlə Sakit okeandan Hind okeanına, oradan Süveyş kanalı vasitəsilə Aralıq və Egey dənizlərinə, daha sonra Türkiyənin Gemlik limanına çatdırılan avadanlıqlar quru yolu ilə Türkiyə və Gürcüstan üzərindən Azərbaycana gətirilib. Hər biri 36 ton çəkidə olan batareya blokları polis müşayiəti ilə xüsusi qaydada təyinat yerlərinə çatdırılaraq quraşdırılıb. Hazırda sistemlərin təxminən 15 %-i ölkəyə gətirilib, qalan hissəsinin isə 2026-cı ilin aprel ayına qədər tam şəkildə quraşdırılması planlaşdırılır.

Bu saxlanc mərkəzləri enerji sisteminin dayanıqlığının artırılması baxımından həlledici rol oynayacaq. Onlar tezliyin sabit saxlanılması, bərpa olunan enerji mənbələrində dəyişkənliyin balanslaşdırılması, pik yüklərin qarşılanması, günəş enerjisinin azaldığı saatlarda yük qrafikinin hamarlanması və fövqəladə hallarda enerji sisteminin sıfırdan bərpası kimi mühüm funksiyaları yerinə yetirəcək. Eyni zamanda, bu sistemlər Azərbaycanın enerji müstəqilliyini gücləndirərək milli şəbəkənin həm qonşu ölkələrlə paralel, həm də müstəqil rejimdə etibarlı fəaliyyətini təmin edəcək.

Enerji transformasiyası istiqamətində atılan daha bir mühüm addım 2025-ci ilin yayında Bakı Enerji Həftəsi çərçivəsində atılıb. Belə ki, 240 MVt gücündə "Şəfəq" Günəş Elektrik Stansiyası və Səngəçal terminalının elektrikləşdirilməsi (STEL) layihələri üzrə yekun investisiya qərarları imzalanıb. "Şəfəq" GES üzrə qərar layihə şirkətinin səhmdarları - BP (50,01 %), "SOCAR Green" (39,99 %) və Azərbaycan Biznesinin İnkişafı Fondu (10 %) tərəfindən təsdiqlənib. STEL layihəsi üzrə yekun qərar isə Səngəçal terminalının investorları tərəfindən qəbul edilib.

İmzalanmış sənədlər Səngəçal terminalının elektrik enerjisi şəbəkəsinə həm terminal ərazisində, həm də onun hüdudlarından kənarda inşa ediləcək yeni qurğular vasitəsilə qoşulmasını nəzərdə tutur. Layihə çərçivəsində 220 kV-luq yeni yarımstansiyanın tikintisi də planlaşdırılır. Burada "virtual enerji ötürülməsi" modeli tətbiq olunacaq: Cəbrayılda "Şəfəq" GES-də istehsal edilən elektrik enerjisi "AzərEnerji"yə ötürüləcək, ekvivalent həcmdə elektrik enerjisi isə Bakıda Səngəçal terminalına çatdırılacaq. Bu yanaşma terminalın istismar dövründə əməliyyatlardan yaranan emissiyaların təxminən 50 % azaldılmasına imkan verəcək.

Hazırda terminalda elektrik enerjisi istehsalı üçün 7 qaz turbinindən istifadə olunur. Elektrikləşdirmə başa çatdıqdan sonra bu turbinlər mərhələli şəkildə istismardan çıxarılacaq, istifadə olunmayan yanacaq qaz həcmləri isə ixraca yönəldiləcək. Layihə həm də terminalın təhlükəsizlik səviyyəsini artırmaqla yanaşı, enerji səmərəliliyinə yeni yanaşma formalaşdıracaq.

İnvestisiya qərarlarını dəstəkləmək məqsədilə hər iki layihə üzrə bir sıra əsas müqavilələr imzalanıb. "Şəfəq" layihəsi çərçivəsində layihə şirkəti ilə "AzərEnerji" arasında enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma müqavilələri bağlanıb. STEL layihəsi üzrə isə BP ilə "AzərEnerji" arasında mühəndislik, təchizat, tikinti və quraşdırma işləri, elektrik enerjisinin təchizatı, istismar və texniki xidmət üzrə müqavilələr paketi razılaşdırılıb. Bundan əlavə, layihələrin balanslaşdırılması məqsədilə tərəflər arasında ayrıca sazişlər imzalanıb.

Təxminən 200 milyon ABŞ dolları dəyərində olan "Şəfəq" GES-in tikintisinin 2027-ci ilin ortalarınadək yekunlaşması və bu müddətdə 400-ə yaxın iş yerinin yaradılması gözlənilir. Stansiya BP-yə məxsus "Lightsource BP" şirkəti tərəfindən əsasən yerli resurslar hesabına inşa ediləcək və idarə olunacaq. Dəyəri 230 milyon dollar olan STEL layihəsi üzrə tikinti işlərinə isə 2026-cı ildə başlanması, layihənin birinci mərhələsinin 2027-ci ilin ortalarında, ikinci mərhələsinin isə 2028-ci ilin sonuna qədər tamamlanması nəzərdə tutulur.

"Şəms" və "Üfüq"dən doğan enerji

2025-ci ildə Azərbaycanın günəş enerjisi gündəliyində mühüm dönüş nöqtəsi oldu. Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci və Yaşıl Enerji Məşvərət Şurasının 3-cü nazirlər iclasları çərçivəsində üç iri günəş enerjisi layihəsi üzrə müqavilələr imzalandı.

Bu sənədlərdən birincisi Azərbaycan hökuməti ilə "Enerso Cəbrayıl" MMC arasında 50 MVt gücündə "Üfüq" GES-in inşasını nəzərdə tutan İnvestisiya Müqaviləsi oldu.

İkinci müqavilə - Azərbaycan hökuməti ilə "Clean Energy Jabrayil" MMC arasında imzalanan 50 MVt gücündə "Şəms" GES layihəsi üzrə İnvestisiya Müqaviləsi oldu.

Üçüncü sənəd isə Energetika Nazirliyi ilə "Nobel Energy Limited" şirkəti arasında Naxçıvan şəhərində 30 MVt gücündə günəş elektrik stansiyasının qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsinə dair İcra Müqaviləsi oldu.

"Yaşıl enerji zonaları"nın inkişafı baxımından strateji əhəmiyyət daşıyan bu layihələrin reallaşması nəticəsində ildə ümumilikdə 268 milyon kilovat/saat elektrik enerjisinin istehsalı gözlənilir. Bu isə 59 milyon kubmetr təbii qaza qənaət, eyni zamanda 128 min ton karbon emissiyasının azalması deməkdir.

Məktub yetişdi: Avropaya uzanan "yaşıl" xətt

Ötən ilin diqqətçəkən hadisələrindən biri də Budapeştdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktubun imzalanması oldu. Sənəd dörd ölkə arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlığa dair Sazişin icrası çərçivəsində keçirilən 10-cu Nazirlər/Rəhbər Komitənin iclasının yekunu kimi qəbul edildi.

İclasda Azərbaycanın bərpa olunan enerji potensialının genişləndirilməsi, "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" layihəsi üzrə irəliləyişlər, "Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti"nin (GECO) fəaliyyəti, Bolqarıstanın layihəyə cəlbi, CESI şirkəti tərəfindən hazırlanan texniki-iqtisadi əsaslandırmanın (TİƏ) cari vəziyyəti və Avropa İttifaqı ilə maliyyələşmə mexanizmləri müzakirə olundu.

İclasın yekununda imzalanan Birgə Məktub Aİ-nin enerji məsələləri üzrə komissarı Dan Yorgensenə ünvanlanaraq "Xəzər-Qara dəniz Yaşıl Enerji Dəhlizi" layihəsinə Qarşılıqlı Maraq Doğuran Layihəsi (PMI) statusunun verilməsinə dəstək məqsədi daşıyırdı və dekabrın əvvəlində bu baş verdi. Layihənin Aİ-nin Onillik Şəbəkə İnkişaf Planına daxil edilməsi üçün 2025-ci ilin aprel-may aylarında müraciətin Rumıniyanın ötürücü sistem operatoru "Transelectrica" tərəfindən, GECO-nun koordinasiyası ilə təqdim edilməsi razılaşdırılıb.

Bu arada Bolqarıstanın Hökumətlərarası Sazişə qoşulması prosedurunun başlanmasına dair razılıq əldə olunub. Birgə Müəssisəyə həm Bolqarıstanın layihəyə inteqrasiyası, həm də fiber-optik kabel komponentinin TİƏ-yə daxil edilməsi üçün müvafiq səlahiyyətlər verilib.

Bakıda keçirilən Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət şuraları çərçivəsində daha bir mühüm addım atıldı - "Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi" üzrə nazirlərin ikinci iclası keçirildi. Görüşdə regionlararası "yaşıl enerji" infrastrukturunun enerji təhlükəsizliyində artan rolu və Azərbaycanın bərpa olunan enerji resurslarının ixrac potensialı xüsusi vurğulandı.

Nəticədə dörd ölkənin müvafiq nazirlikləri arasında "yaşıl elektrik enerjisi"nin ötürülməsi və ticarətinə dair Anlaşma Memorandumu imzalandı. Sənəd birgə investisiya layihələrinin hazırlanmasını, elektrik enerjisi infrastrukturunun inkişafını və ENTSO-E sisteminə inteqrasiyanı əhatə edir.

Bu proseslər fonunda ENTSO-E-nin növbəti Onillik Şəbəkə İnkişaf Planı (TYNDP 2026) üçün ilkin layihə portfeli açıqlanıb. Portfelə daxil edilən 178 ötürmə və 49 saxlama layihəsi arasında "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi"nin I və II fazaları da yer alıb. 2026-cı il ərzində bu layihələr üzrə xərclər və faydalar təhlili aparılacaq, nəticələr isə ilin sonuna doğru açıqlanacaq.

Eyni zamanda "Yaşıl Dəhliz Birliyi" MMC çərçivəsində "AzərEnerji", Qazaxıstan və Özbəkistanın milli elektrik şəbəkə operatorları texniki-iqtisadi əsaslandırma üzrə məsləhətçi şirkətin cəlbi və təşkilati məsələləri müzakirə ediblər. Şirkətin yeni baş direktoru Tural Əliyev təyin olunub, nizamnamə kapitalının artırılması barədə razılıq əldə edilib.

Bununla paralel olaraq Azərbaycan, Qazaxıstan və Özbəkistan Asiya İnkişaf Bankı (ADB) və Asiya İnfrastruktur və İnvestisiya Bankı (AIIB) ilə "Xəzər Yaşıl Enerji Dəhlizi" üzrə əməkdaşlığa start veriblər. COP29 çərçivəsində imzalanan Anlaşma Memorandumu layihənin TİƏ-nin birinci mərhələsinin maliyyə və institusional dəstəyini nəzərdə tutur.

Bu təşəbbüs Mərkəzi Asiya ilə Azərbaycan arasında ilk Transxəzər enerji dəhlizinin formalaşmasına yol açır - "yaşıl enerji" coğrafiyasını genişləndirən, regionu Avropa bazarına daha sıx bağlayan strateji xətt kimi.

Xəzərin küləyi enerjiyə çevrilir

Ötən il Azərbaycanın "yaşıl enerji" xəritəsində daha bir mühüm səhifə açıldı - ölkədə ilk dəfə olaraq dənizdə külək enerjisi layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsinə dair İcra Müqaviləsi imzalandı. Sənəd Energetika Nazirliyi ilə "Azerbaijan Green Energy Company"nin törəmə müəssisəsi olan "Clean Energy Capital" arasında bağlandı.

Müqaviləyə əsasən, ilkin mərhələdə 200 MVt, növbəti mərhələlərdə isə ümumilikdə 600 MVt gücündə dəniz külək enerjisi layihəsinin reallaşdırılması planlaşdırılır. Bu məqsədlə "Clean Energy Capital" Xəzər dənizində müəyyən olunmuş su akvatoriyasında külək resurslarının qiymətləndirilməsi, geoloji və ekoloji tədqiqatlar aparacaq. Beləliklə, Xəzərin daim hərəkətdə olan küləyi ilk dəfə sənaye miqyasında elektrik enerjisinə çevrilmək üzrədir.

Külək enerjisi mövzusunda daha bir diqqətçəkən məqam Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti ilə əməkdaşlığın genişlənməsi oldu. Söhbət Azərbaycanın "yaşıl enerji" gündəliyi çərçivəsində həm quruda, həm də dənizdə sənaye miqyaslı külək elektrik stansiyalarının tikintisi, habelə istehsal olunan enerjinin ötürülməsi layihələrinin ötürülməsindən gedir. Xüsusilə 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının yaxın vaxtlarda tam gücdə istismara verilməsi nəzərdə tutulur.

Hazırda layihə çərçivəsində 30 külək turbininin quraşdırılması başa çatdırılıb, 220/33 kV-luq yarımstansiyalardan birinin tikintisi yekunlaşıb, digərində isə son tamamlanma işləri aparılır. Paralel olaraq, həm ixrac, həm də daxili tələbat üçün yeni "yaşıl enerji" güclərinin enerji sisteminə inteqrasiyası məqsədilə şəbəkə tədqiqatları aparılır. Bu çərçivədə "ACWA Power" ilə 200 MVt gücündə yeni külək elektrik stansiyası layihəsinin reallaşdırılması perspektivləri müzakirə olunur.

Eyni zamanda Naxçıvandan Türkiyəyə elektrik enerjisinin ötürülməsi imkanları araşdırılıb və bu marşrut üzrə külək enerjisi layihələrinin həyata keçirilməsi ehtimalları dəyərləndirilir.

"Yaşıl enerji" istiliyə yol açır

"Yaşıl enerji" yalnız elektriklə məhdudlaşmır. Asiya İnkişaf Bankının (ADB) maliyyə dəstəyi ilə Azərbaycanda istilik təchizatı sektorunun dekarbonizasiyasını və bərpa olunan mənbələrdən istilik enerjisinin inteqrasiyasını hədəfləyən texniki yardım layihəsinə start verilib.

"İstilik təchizatı sektorunun dekarbonizasiyası və bərpa olunan mənbələrdən istilik enerjisinin inteqrasiyasının təşviqi" adlı layihə ADB-nin Təmiz Enerji Fondu və Texniki Yardım Xüsusi Fondu tərəfindən maliyyələşdirilir və ümumi dəyəri 1,1 milyon ABŞ dollarıdır.

Layihə istilik təchizatı sahəsində Milli Strategiyanın və "İstilik təchizatı haqqında" Qanunun icrasından irəli gələn normativ-hüquqi sənədlərin hazırlanmasını, mövcud istilik sistemlərinin enerji səmərəliliyinin artırılmasını, tarif siyasətinin optimallaşdırılmasını və pilot layihələr vasitəsilə bərpa olunan mənbələrdən istilik enerjisinin tətbiqini nəzərdə tutur. Eyni zamanda "Azəristiliktəchizat" ASC-nin uzunmüddətli inkişaf strategiyasının hazırlanması da layihənin əsas komponentlərindən biridir.

Texniki yardımın icrası üçün ADB tərəfindən keçirilmiş seçim prosesi ötən ilin avqust ayında yekunlaşıb. Nəticədə Danimarkanın "NIRAS", Almaniyanın "Integration Environment & Energy GmbH" və Azərbaycanın "Energazer" şirkətlərindən ibarət birgə konsorsium məsləhətçi qismində seçilib. Layihə üzrə bütün xidmətlərin 2027-ci ilin mart ayınadək tamamlanması planlaşdırılır.

Layihənin icrası müddətində texniki və təşkilati dəstək Energetika Nazirliyi və "Azəristiliktəchizat" tərəfindən təmin olunacaq. Beləliklə, "yaşıl enerji" Azərbaycanda təkcə elektrik şəbəkələrinə deyil, istilik sistemlərinə də inteqrasiya olunaraq enerji keçidinin növbəti mərhələsini formalaşdıracaq.

Çinin Azərbaycanın "yaşıl bazar"ına ekspansiyası

Ötən il Azərbaycanın "yaşıl enerji" gündəliyində Çin amili xüsusi çəkisi ilə önə çıxdı. Fotoelektrik və külək elektrik stansiyaları da daxil olmaqla, ümumi quraşdırılmış gücü 1 570 MVt olan beş yeni layihə üzrə Çin şirkətləri ilə sənədlər imzalandı. Bu layihələr tam reallaşdıqdan sonra Azərbaycanın bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsal gücünün iki dəfə artacağı gözlənilir. Əslində, söhbət təkcə investisiya axınından deyil, Çinin Azərbaycanın "yaşıl bazar"ına sistemli və uzunmüddətli daxilolmasından gedir. Çin şirkətləri artıq ölkənin "yaşıl enerji" kursunda əsas tərəfdaşlardan birinə çevrilib və bu əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını açıq şəkildə bəyan ediblər.

Bu əməkdaşlığın əsas sütunlarından biri "China Datang Corporation"dur. Şirkət ilə "yaşıl enerji" dəhlizinin inkişafı üzrə Anlaşma Memorandumunun imzalanması bərpa olunan enerji mənbələri hesabına yaradılan yeni generasiya güclərinin elektrik şəbəkəsinə təhlükəsiz qoşulmasını və istehsal olunan enerjinin etibarlı, sabit şəkildə ötürülməsini hədəfləyir. Sənəd çərçivəsində HVDC texnologiyaları, ötürücü şəbəkə üzrə sistem tədqiqatları, layihələndirmə, mühəndislik və tikinti idarəçiliyi sahəsində Çin şirkətlərinin zəngin təcrübəsindən istifadə nəzərdə tutulur. Bu yanaşma Azərbaycanın "yaşıl enerji"ni həm istehsal edən, həm də regional bazarlara çıxaran ölkə olmaq ambisiyasını texniki baxımdan möhkəmləndirir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin ötən ilin aprelində Çinə dövlət səfəri zamanı imzalanmış Birgə Bəyanatda da bərpa olunan enerji sahəsində fəal əməkdaşlıq və təmiz enerji üzrə qlobal tərəfdaşlığın təşviqi xüsusi yer tutmuşdu.

Çin-Azərbaycan enerji əməkdaşlığının institusionallaşmasında "Bakı Enerji Həftəsi" də mühüm rol oynadı. "China Energy Engineering Corporation Limited" ilə imzalanmış hərtərəfli strateji tərəfdaşlıq haqqında Saziş Azərbaycanda təmiz enerji və müasir enerji sistemlərinin inkişafını, bu sahədə konkret layihələrin icrasını nəzərdə tutur. Razılaşmaya əsasən, 160 MVt gücündə Füzuli Günəş Elektrik Stansiyası, Xəzər dənizində 200 MVt gücündə külək enerjisi layihəsi, hidroenergetika və "Yaşıl Enerji Dəhlizi" üzrə əməkdaşlıq planlaşdırılır. Bununla yanaşı, enerji planlaşdırılması, şəbəkə tədqiqatlarının aparılması, "yaşıl enerji" üzrə Tədqiqat Mərkəzinin yaradılması və ixtisaslı kadrların hazırlanması da sazişin mühüm komponentlərindəndir.

Ötən il imzalanan mühüm sənədlərdən biri də Azərbaycan hökuməti ilə "Universal Solar Azerbaijan" MMC arasında 100 MVt gücündə "Qobustan" Günəş Elektrik Stansiyası layihəsi üzrə İnvestisiya Müqaviləsi oldu. Layihə ölkədə ilk dəfə beynəlxalq hərrac mexanizmi əsasında müəyyənləşdirilib və 2026-cı ildə istismara verilməsi planlaşdırılır. Stansiyada ildə təxminən 180 milyon kilovat/saat elektrik enerjisi istehsalı, 39 milyon kubmetr təbii qaza qənaət və 86 min ton karbon emissiyasının azaldılması proqnozlaşdırılır. Bu fakt artıq Azərbaycanın "yaşıl enerji" bazarında şəffaf və rəqabətli mexanizmlərin tətbiqinə keçdiyini göstərir.

Bununla paralel olaraq, Çin şirkətləri ilə 30 MVt gücündə batareya enerji saxlanc sistemi ilə 100 MVt-lıq üzən günəş elektrik stansiyası, 160 MVt gücündə günəş elektrik stansiyası və mərhələli əsasda minimum 2 QVt gücündə dənizdə külək enerjisi layihələri üzrə icra və əməkdaşlıq sənədləri imzalanıb. Bu layihələr Xəzərin Azərbaycan sektorunu Asiya mənşəli qabaqcıl texnologiyaların tətbiq olunduğu iri "yaşıl enerji" platformasına çevirmək potensialına malikdir.

Energetika Nazirliyi ilə Çinin Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu arasında imzalanmış Anlaşma Memorandumu isə artıq ayrı-ayrı stansiyalardan deyil, bütövlükdə enerji sisteminin transformasiyasından xəbər verir. Sənəd 2028-ci ildən sonrakı dövr üçün bərpa olunan enerji mənbələrinin ötürücü şəbəkəyə inteqrasiyası üzrə genişmiqyaslı texniki və iqtisadi araşdırmaların aparılmasını nəzərdə tutur. Məqsəd artan "yaşıl enerji" yükünün enerji sistemində balanslı və təhlükəsiz şəkildə yerləşdirilməsidir.

Çinlə yanaşı, Moldova və Vyetnam da Azərbaycanın "yaşıl enerji" təcrübəsinə maraq göstərən ölkələr sırasına qoşulub. Moldova ilə enerji səmərəliliyi, bərpa olunan mənbələr və enerji tənzimlənməsi sahələrində əməkdaşlıq perspektivləri müzakirə olunub, Avropaya "yaşıl enerji" ixracı təşəbbüsləri barədə məlumat verilib. Vyetnamla isə bərpa olunan enerji sahəsində Anlaşma Memorandumu imzalanıb və batareya saxlama sistemləri, günəş və külək enerjisi, hidrogen və ammonyak istehsalı üzrə əməkdaşlıq imkanları dəyərləndirilib.

Beləliklə, Azərbaycan bu gün "yaşıl enerji" sahəsində istehsalın lokallaşdırılmasına, beynəlxalq investisiyaların cəlbinə, regional şəbəkələrə inteqrasiyaya və ən yeni texnologiyaların tətbiqinə strateji üstünlük verir. Bu yanaşma ölkəni Cənubi Qafqazla yanaşı, bütövlükdə Avrasiya məkanında enerji keçidinin ən perspektivli mərkəzlərindən birinə çevirir. Eyni zamanda, bu siyasət Azərbaycanın 2050-ci ilə qədər karbon emissiyalarını 40 % azaltmaq hədəfinə çatmasına və qlobal iqlim məqsədlərinə töhfə verməsinə xidmət edir. Nəticə etibarilə, Azərbaycan artıq enerji istehlakçısı və ixracatçısı olmaqla kifayətlənmir, yeni qlobal enerji arxitekturasının formalaşmasında fəal iştirakçıya çevrilir.

Digər xəbərlər

Azərbaycan nefti cüzi ucuzlaşıb 07 yanvar, 2026 / 09:38