Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2021-ci və 2022-ci illər üçün orta gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu dəyişməyib.
“Report”un məlumatına görə, bu barədə qurumun oktyabr ayı üçün açıqladığı hesabatında deyilir.
Məlumata görə, bu il Azərbaycanda gündəlik orta neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu 20 min barel artıraraq 750 min barel səviyyəsində saxlayıb.
2022-ci ildə isə Azərbaycanda gündəlik maye karbohidrogenlərin hasilatı 70 min barel artaraq 820 min barel səviyyəsində olacağı proqnozlaşdırılır.
Bildirilir ki, avqustda Azərbaycanın maye karbohidrogen istehsalı gündəlik 20 min barel azalaraq orta hesabla gündəlik 720 min barel təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30 min barel çoxdur.
Hesabatda deyilir ki, bu dövr ərzində Azərbaycanda orta gündəlik neft hasilatı 596 min barel səviyyəsində olub ki, bu da illik müqayisədə 110 min barel azdır.
Qurum qeyd edib ki, sentyabrın 23-də Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Çıraq” platformasında profilaktik işlər aparıldığı üçün hasilat dayandırılıb.