Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti Bakının Qaradağ rayonunun Ələt qəsəbəsinin yaxınlığında Günəş Elektrik Stansiyasının (GES) istismara veriləcəyi vaxtı açıqlayıb.
Bununla bağlı "Report"a şirkətin Baş direktoru Məhəmməd Cəmil Əl-Rəmahi açıqlama verib.
"230 MVt gücündə stansiyanın tikintisinə gələn ay başlanılacaq və bundan 18 ay sonra obyekt istismara veriləcək. Tikinti layihəsi qrafik üzrə və uğurla davam etdirilir”, - o deyib.
“Masdar” Yaxın Şərqdə bərpa olunan enerji mənbələrinin işlənməsi sahəsində fəaliyyət göstərən ən böyük şirkətlərdən biridir. Ötən ilin aprel ayında Azərbaycan hökuməti ilə şirkət arasında GES-in tikintisi haqqında müqavilə imzalanıb. Layihənin dəyəri, təxminən, 200 milyon ABŞ dollarıdır.