Peter Siyarto: "Bakı və Budapeşt əməkdaşlığı Macarıstan üçün enerji risklərini azaldır"

Macarıstan və Azərbaycan arasında əməkdaşlıq Budapeştin enerji təhlükəsizliyi risklərini azaldır və təchizatın uzunmüddətli diversifikasiyasını gücləndirir.

"Report"un məlumatına görə, bunu Macarıstan xarici işlər naziri Peter Siyarto bildirib və onun sözlərini Baş nazirin Ofisinin Beynəlxalq kommunikasiya və əlaqələr üzrə dövlət katibi Zoltan Kovaç "X"də paylaşıb.

Z.Kovaç xatırladıb ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Macarıstanın "MVM ONEnergy" şirkəti arasında razılaşmalar çərçivəsində iki il ərzində 800 milyon kubmetr təbii qazın alınması barədə çərçivə sazişi imzalanıb.

"MVM və SOCAR arasında saziş gündəlik 1,1 milyon kubmetr idxalı nəzərdə tutur", - o dəqiqləşdirib.

Z.Kovaç bunun Macarıstanın enerji təchizatının şaxələndirilməsi yolunda əsas addım olduğunu qeyd edib.

O, həmçinin P.Siyartonun ölkənin enerji təhlükəsizliyi ilə bağlı mövqeyini sitat gətirib: "Diversifikasiya enerjinin mümkün qədər çox mənbədən və müxtəlif marşrutlarla alınması deməkdir".

Nazirin sözlərinə görə, bu yanaşma Brüsselin bahalı və daristiqamətli mövqeyi ilə təzad təşkil edir. O bildirib ki, Avropa İttifaqının siyasəti Macarıstanın enerji təhlükəsizliyinə təhdid yaradır, Bakı ilə əməkdaşlıq isə bu riskləri azaldır.

Budapeşt və Bakı əlaqələrinə dair əvvəlki skeptisizmi şərh edən P.Siyarto qeyd edib ki, zaman əlaqələrin möhkəmliyini sübut edib: "Qərb liderləri bir vaxtlar bizi ələ salırdılar, indi isə Bakıda görüşlər üçün növbəyə dururlar. Bizim tərəfdaşlığımız neftin qiymətlərinə deyil, qarşılıqlı hörmətə və hər iki ölkə üçün uzunmüddətli faydaya əsaslanır".

Digər xəbərlər

Azərbaycan nefti cüzi ucuzlaşıb 11 dekabr, 2025 / 09:44