Bu ilin yanvar-fevral aylarında Azərbaycan İndoneziyaya 86 min 721,65 ton xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 52 milyon 551,84 min ABŞ dolları təşkil edib.
Ötən iki ay ərzində ixrac olunmuş məhsulun miqdarı 2023-cü ilin ilk iki ayının göstəriciləri ilə müqayisədə 32,3 %, dəyəri isə 38,2 % azdır.
Bu ilin iki ilk ayında Azərbaycandan İndoneziyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 1,89 % olub.
Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 4 milyon 595 min 490,11 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Ötən iki ay ərzində Azərbaycandan ixrac edilən xam neftin dəyəri 2 milyard 826 milyon 058,64 min ABŞ dolları təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 7 milyard 227 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 4 milyard 780 milyon ABŞ dolları ixracın, 2 milyard 447 milyon ABŞ dolları isə idxalın payına düşüb.