Azərbaycan təbii qazının Bolqarıstana çatdıracaq İGB interkonnektoru (Bolqarıstan-Yunanıstan təbii qaz interkonnektoru) sentyabr və ya oktyabr aylarında istifadəyə veriləcək.
“Report”un Bolqarıstan mətbuatına istinadən verdiyi məlumata görə, bunu ICGB layihə şirkətinin icraçı direktoru Teodora Georgiyeva jurnalistlərə bildirib.
Bolqarıstan Enerji Holdinqinin təmsil etdiyi Bolqarıstan dövləti və Yunanıstan-İtaliya səhmdarı ICGB-də bərabər paya malikdir.
İyun ayının sonuna kəmərin tikintisinin 98 %-i başa çatıb. Boru kəmərinin xətti hissəsi hazırdır, bütün borular qaynaq edilib, yerin altına döşənib, üstü örtülüb və hidrostatik sınaqdan keçirilib.
T. Georgiyeva bildirib ki, uğurlu sınaqlar obyektin bütün müvafiq standartlara cavab verməsini təmin edir.
Məlumatda həmçinin deyilir ki, Yunanıstanın Komotini şəhərində iki qazölçmə məntəqəsindən birində tamamlama işləri davam edir. Bolqarıstanın Stara Zaqora şəhərindəki daha bir stansiya isə tamamlanaraq pnevmatik sınaqdan keçirilib.
Başlanğıcda İGB kəməri ilə illik 3 milyard kubmetr təbii qaz nəql ediləcək ki, bu da Bolqarıstanın istehlakına bərabərdir.
Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazı almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək.
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.