2023-cü ildə Azərbaycanda qaz hasilatı 4 % və ya 1,5 milyard kubmetr artıb.
Bu barədə “Report” Beynəlxalq Enerji Agentliyinin (IEA) 2024-cü ilin ilk rübü üçün açıqladığı “Gas Market Report” hesabatında deyilir.
Məlumata görə, bu, qismən Avropa İttifaqına (Aİ) boru kəmərləri vasitəsilə qaz tədarükünün artması hesabına baş verib.
2023-cü ildə Trans-Adriatik Boru Kəməri (TAP) ilə Azərbaycandan qaz axını 2022-ci ilin səviyyəsinə yaxın olub.
Ötən il Avropaya nəql olunan Azərbaycan qazının həcmi 11,5 milyard kubmetr təşkil edib. TAP-ın işə salınmasından indiyədək ümumilikdə 31 milyard kubmetr qaz tədarük edilib.
2023-cü ildə Türkiyəyə qaz tədarükü isə 5,6 milyard kubmetrdən çox olub. 2018-ci ilin ortalarından etibarən tədarükün ümumi həcmi 25,2 milyard kubmetrə çatıb.
IEA-nın hesabatına əsasən, Avrasiyada təbii qaza tələbat 2022-ci ilə nisbətən təxminən 1 % artıb. Regionda qaz hasilatı təxminən 3 % və ya demək olar 30 milyard kubmetr azalıb ki, bu da ilk növbədə Rusiya və Özbəkistanda qaz hasilatının azalması ilə bağlıdır.
Avropa İttifaqına boru kəmərləri ilə qaz ixracının azalması fonunda Rusiyada təbii qaz hasilatı təxminən 5 % və ya 30 milyard kubmetrdən çox azalıb. Özbəkistanda isə təbii qaz hasilatı 2023-cü ildə bu sahədə davam edən pisləşmə səbəbindən təxminən 10 % və ya 5 milyard kubmetr azalıb. Bunun əksinə olaraq, təbii qaz hasilatı Türkmənistanda təxminən 7 % və ya 6 milyard kubmetr, Qazaxıstanda isə 6 % və ya 1,5 milyard kubmetr artıb.
Rusiya qazının Avropaya tədarükü isə 2023-cü ildə təxminən iki dəfə azalaraq təqribən 45 milyard kubmetrə çatıb ki, bu da 1970-ci illərin əvvəllərindən bəri ən aşağı səviyyədir.
Avropa İttifaqına tədarük 60 %-dən çox və ya 38 milyard kubmetr azalıb. 2023-cü ilin ilk 11 ayında Türkiyəyə ixrac 2022-ci ilin səviyyəsinə yaxın qalıb. Şimali Afrikadan boru kəməri qazının tədarükü İberiyaya tədarükün azalması fonunda 2 % və ya 0,5 milyard kubmetr azalıb.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb. TAP üzərindən İtaliyaya hər il 10 milyard kubmetrdən çox Azərbaycan qazı tədarük edilir.