Gürcüstanın 11 ayda qaz idxalının 80 %-ə yaxını Azərbaycanın payına düşüb

Bu ilin yanvar-noyabr aylarında Gürcüstan Azərbaycandan 279 milyon ABŞ dolları dəyərində 1,56 milyard kubmetr təbii qaz idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 6,5 %, kəmiyyət olaraq – 4 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstana təbii qaz ixrac edən ölkələr sırasında 1-ci yerdə qərarlaşıb. Qonşu ölkənin tədarük etdiyi “mavi yanacağ”ın 79,4 %-i Azərbaycanın payına düşüb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 388,2 milyon ABŞ dolları dəyərində 1,96 milyard kubmetr təbii qaz alıb ki, bu da 1 il əvvəlki göstəricilərdən müvafiq olaraq 4,6 % və 4 % çoxdur. O cümlədən, Gürcüstana Rusiyadan 108,8 milyon ABŞ dolları dəyərində 404 milyon kubmetr, İrandan 142 min ABŞ dolları dəyərində 73,3 min kubmetr, Cənubi Koreyadan 68 min ABŞ dolları dəyərində 16,6 min kubmetr, Honkonqdan (Çininin xüsusi inzibati rayonu) 40,1 min ABŞ dolları dəyərində 21,5 min kubmetr təbii qaz idxal edilib.

Xatırladaq ki, 2022-ci ildə Gürcüstan 457,8 milyon ABŞ dolları dəyərində 2,3 milyard kubmetr təbii qaz alıb ki, bunun da 345,2 milyon ABŞ dolları dəyərində 1,842 milyad kubmetri Azərbaycanın payına düşüb. 2021-ci illə müqayisədə Gürcüstan Azərbaycandan təbii qaz tədarükünə çəkdiyi xərci 38 %, "mavi yanacağ"ın həcmini isə 17,3 % artırıb.

Digər xəbərlər