Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycandan 160,44 milyon ABŞ dolları dəyərində 1 milyard 110 milyon kubmetr təbii qaz idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 28 %, kəmiyyət olaraq – 9 % azdır.
Beləliklə, Azərbaycan Gürcüstana təbii qaz ixrac edən ölkələr sırasında 1-ci yerdə qərarlaşıb.
Təkcə sentyabr ayında Gürcüstan Azərbaycandan 11,62 milyon ABŞ dolları dəyərində 109,37 milyon kubmetr təbii qaz alıb. Bu, bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 12 % az və 6,4 % çoxdur.
Bu ilin 9 ayında Gürcüstan xarici ölkələrdən 275,24 milyon ABŞ dolları dəyərində 1 milyard 522 milyon kubmetr təbii qaz alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 14 % və 4 % azdır. O cümlədən, Gürcüstana Rusiyadan 114,65 milyon ABŞ dolları dəyərində 412 milyon kubmetr, İrandan 75,31 min ABŞ dolları dəyərində 45,22 min kubmetr, Böyük Britaniyadan 24,35 min ABŞ dolları dəyərində 0,01 min kubmetr, Çindən 16,29 min ABŞ dolları dəyərində 8,19 min kubmetr təbii qaz tədarük edilib.
Xatırladaq ki, 2023-cü ildə Gürcüstan 445 milyon ABŞ dolları dəyərində 2,25 milyard kubmetr təbii qaz alıb ki, bunun da 313,5 milyon ABŞ dolları dəyərində 1,8 milyard kubmetri Azərbaycanın payına düşüb.