Gürcüstan ötən il Azərbaycandan aldığı neft və neft yağlarının həcmini açıqlayıb

Ötən il Gürcüstan Azərbaycandan 76,13 milyon ABŞ dolları dəyərində 96,12 min ton neft və neft yağları idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 20 %, kəmiyyət olaraq 14 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstana neft və neft yağları ixrac edən ölkələr sırasında 5-ci yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 1,3 milyard ABŞ dolları dəyərində 1 milyon 595 min ton neft və neft yağları alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 12 % və 12,5 % çoxdur.

Ötən il Gürcüstana Rusiyadan 519,5 milyon ABŞ dolları dəyərində 698 min ton, Bolqarıstandan 183,5 milyon ABŞ dolları dəyərində 221 min ton, Rumıniyadan 164 milyon ABŞ dolları dəyərində 204 min ton, Türkiyədən 77,2 milyon ABŞ dolları dəyərində 76 min ton neft və neft yağları gətirilib.

Digər xəbərlər