Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycandan 222 milyon 291 min ABŞ dolları dəyərində 1,215 milyard kubmetr təbii qaz idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 9,5 %, kəmiyyət olaraq – 9 % azdır.
Beləliklə, Azərbaycan Gürcüstana təbii qaz ixrac edən ölkələr sırasında 1-ci yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 321,237 milyon ABŞ dolları dəyərində 1,586 milyard kubmetr təbii qaz alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 10 % və 5,5 % çoxdur. O cümlədən, Gürcüstana Rusiyadan 98,7 milyon ABŞ dolları dəyərində 370,4 milyon kubmetr ton, İrandan 142 min ABŞ dolları dəyərində 73,3 min kubmetr, Honkonqdan (Çininin xüsusi inzibati rayonu) 40,11 min ABŞ dolları dəyərində 21,5 min kubmetr, Belarusdan 23,55 min ABŞ dolları dəyərində 20 min kubmetr təbii qaz idxal edilib.
Xatırladaq ki, 2022-ci ildə Gürcüstan 457,79 milyon ABŞ dolları dəyərində 2,26 milyard kubmetr təbii qaz alıb ki, bunun da 345,2 milyon ABŞ dolları dəyərində 1,842 milyad kubmetri Azərbaycanın payına düşüb. 2021-ci illə müqayisədə Gürcüstan Azərbaycandan təbii qaz tədarükünə çəkdiyi xərci 38 %, "mavi yanacağ"ın həcmini isə 17,3 % artırıb.