2024-cü ilin yanvar ayında Gürcüstan Azərbaycandan 5,83 milyon ABŞ dolları dəyərində 7 min 540 ton neft və neft yağları idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 dəfə, kəmiyyət olaraq – 6 dəfə çoxdur.
Beləliklə Azərbaycan Gürcüstana neft və neft yağları ixrac edən ölkələr sırasında 4-cü yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 80,4 milyon ABŞ dolları dəyərində 99 min ton neft və neft yağları alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 3 % və 0,6 % azdır.
Ötən ay Gürcüstana Rusiyadan 37,1 milyon ABŞ dolları dəyərində 51 min 253 ton, Rumıniyadan 10,82 milyon ABŞ dolları dəyərində 13 min 796 ton, Bolqarıstandan 9,5 milyon ABŞ dolları dəyərində 11 min 523 ton, Türkiyədən 4,89 milyon ABŞ dolları dəyərində 4 min 140 ton neft və neft yağları gətirilib.
Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 1,17 milyard ABŞ dolları dəyərində 1,418 milyon ton neft və neft yağları alıb ki, bunun da 95,444 milyon ABŞ dolları dəyərində 112 min 388 tonu Azərbaycanın payına düşüb.