Gürcüstan 2018-ci ildə Rusiyadan qaz almayacaq

Bakı. 4 yanvar. REPORT.AZ/ Gürcüstan 2018-ci ildə Rusiyadan qaz almaq niyyətində deyil. Ölkənin iqtisadiyyat naziri Dmitri Kumsişvili növbəti il üçün təbii qaz balansını təsdiq edib.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, sənədə əsasən, ölkəyə proqnozlaşdırılan qaz tədarükü 2,689 milyard kubmetr təşkil edəcək.

Gürcüstan bu həcmin 99,65%-ni Azərbaycandan, o cümlədən onun 1,866 mlrd. kubmetrini SOCAR-dan, 813 milyon kubmetrini isə "Şahdəniz" yatağından alacaq. Yerdə qalan 0,35% (9,41 mln. kubmetr) yerli hasilat hesabına ödəniləcək.

Gürcüstan 2017-ci ildə Rusiyadan 100 mln. kubmetr qaz idxal edib. Mart ayından sonra tədarük həyata keçirilməyib.

"Qazprom"la rəsmiləşdirilən sənədə görə, Rusiya Ermənistana tədarük etdiyi qazın tranzitinə görə, Gürcüstana vergini təbii qaz qismində ödəyir. Sənəd 2018-ci ilin sonunadək qüvvədədir.