GECF: İtaliya Azərbaycandan TAP ilə tədarük olunan qaz hesabına Avropada mövqeyini gücləndirib

İtaliya Azərbaycandan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə ötürülən qazın hesabına Avropanın ikinci ən iri qaz tranzit ölkəsi olaraq öz mövqeyini daha da gücləndirib.

Bu barədə "Report" Qaz İxrac edən Ölkələr Forumunun (Gas Exporting Countries Forum - GECF) "Qaz Bazarı üzrə İllik Hesabat-2026"ya istinadən xəbər verir.

"Almaniya Avropa İttifaqında boru kəməri ilə qaz idxalı üzrə ən əhəmiyyətli giriş nöqtəsi kimi dəyərləndirilərək ümumi qaz axınlarının 23 %-ni, yəni 33 milyard kubmetrlik həcmi təmin edib. Almaniyadan sonra İtaliya ikinci ən böyük qaz tranzit ölkəsi kimi statusunu möhkəmləndirib və ümumi qaz daxilolmalarının 14 %-ni öz üzərinə götürüb. Bu, başlıca olaraq Əlcəzairdən gələn Trans-Aralıq Dənizi Boru Kəmərinin yüksək yüklənmə dərəcəsi və Azərbaycandan TAP vasitəsilə sabit həcmlərin göndərilməsi sayəsində reallaşıb", - GECF vurğulayıb.

Hesabatda qeyd olunur ki, Avrasiyada qaz istehsalı 2025-ci ildə 1,8 % geriləyərək 868 milyard kubmetr səviyyəsinə enib: "Rusiyanın hasilat həcminin azalması Avrasiyanın qaz istehsal göstəricilərinə birbaşa təsir göstərib. Bu azalmanın əsas səbəbi Rusiyanın istehsal gücünün düşməsi ilə əlaqələndirilir. Rusiya beynəlxalq miqyasda ikinci ən böyük qaz istehsalçısı olaraq qalmaqda davam edir və regionun ümumi hasilatının 77 %-ni təmin etməklə Avrasiya bazarında dominant mövqeyini saxlayır. Rusiyadan sonra regional qaz istehsalı mənzərəsi Türkmənistan, Özbəkistan, Azərbaycan və Qazaxıstanın birgə payları hesabına formalaşıb".

GECF xatırladıb ki, 2025-ci ildə Azərbaycanda təbii qaz hasilatı 2,4 % artaraq 39 milyard kubmetrə çatıb. Bu artım əsasən dəniz yataqlarında sabit hasilat tempini qoruması sayəsində mümkün olub. Hasilatın böyük hissəsi illik 27,9 milyard kubmetr qaz istehsal edən "Şahdəniz" yatağının payına düşüb.

Həmçinin, Xəzər dənizin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsu Günəşli" (AÇG) yataqlar blokundan isə 3,5 milyard kubmetr qaz hasil edilib.

Eyni zamanda, "Abşeron" qaz yatağı ilkin mərhələdə hasilatını 7 % artıraraq 1,6 milyard kubmetrə çatdırıb.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub. Layihədə BP (operator – 29,99 %), Cənub Qaz Dəhlizi (16,02 %), "LUKoil" (19,99 %), TPAO (19 %), MVM (5 %), NİKO (10 %) şirkətləri iştirak edir.

AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur. AÇG-də BP (30,37 %), SOCAR (31,65 %), "MOL Group" (9,57 %) INPEX (9,31 %), "ExxonMobil" (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), "ONGC Videsh Limited" (OVL) (2,92 %) pay sahibidir.

"Abşeron" yatağı Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir. Bu, Xəzər dənizində "Şahdəniz" yatağından sonra ikinci böyük qaz yatağıdır. "Abşeron" yatağı üzrə 2009-cu ildə Fransanın "Total" şirkəti ilə SOCAR arasında müqavilə imzalanıb. 2023-cü ilin avqustun 4-də isə Abu Dabi Milli Neft Şirkəti (ADNOC) ilə "Abşeron" qaz-kondensat yatağında 30 %-lik iştirak payının əldə edilməsinə dair Saziş imzalanıb. Hazırda SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payları müvafiq olaraq 35 % təşkil edir.

Digər xəbərlər