"Etilen-polietilen" zavodunda modernizasiya işlərinin yekunlaşacağı vaxt açıqlanıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azərkimya" İstehsalat Birliyinin "Etilen-polietilen" zavodunu modernizasiya və yenidənqurulması 2023-ci ilin birinci rübündə tam başa çatacaq.

"Report" xəbər verir ki, bu barədə zavodun direktoru Oqtay Niftəliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin 2014-cü il 26 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın tələblərindən irəli gələrək əsasən SOCAR-ın Azərbaycanda qeyri-neft sektorunun inkişafında aparıcı rola malik “Azərikimya” İB-nin "Etilen-polietilen" zavodunda genişmiqyaslı modernizasiya və yenidənqurma layihəsinin əsas mərhələsi uğurla başa çatdırılıb.

O bildirib ki, "Etilen-polietilen" zavodunda aparılan yenidənqurma və modernizasiya layihəsi çərçivəsində bir neçə yeni müasir texnoloji qurğular, avtomatik idarəetmə mərkəzləri, o cümlədən yeni piroliz sobaları, hidrogenin saflaşdırılması, quru qazın və C3 fraksiyasının təmizlənməsi qurğuları, etilen və propilen məhsullarının saxlanılması tutumları inşa olunub: "Burada, həmçinin istismarda olan bir sıra köhnə qurğular əsaslı şəkildə yenidən qurulmuş, yeni və rekonstruksiya olunmuş qurğular isə avtomatik idarəetmə sistemlərinə keçirilmiş, zavodun elektrik təchizatı sistemi və köməkçi qurğuları təkmilləşdirilib".

O. Niftəliyev deyib ki, layihənin icrası nəticəsində “Azərikimya” İB-də əsas məhsullar üzrə faktiki istehsal həcmləri iki dəfə, bəzi məhsullar üzrə isə üç dəfə artmışdır.
İcrasına 2016-cı ilin noyabr ayında, EPC müqaviləsinin imzalanması ilə başlanılmış layihə rekonstruksiya işlərinin mürəkkəbliyi və 2020-2021-ci illərdə COVID-19 pandemiyasının neqativ təsirlərinə baxmayaraq, 2021-ci ildə müvəffəqiyyətlə tamalanmış və layihə komandası qarşısında qoyulan bütün hədəflərə nail olunub.

Digər xəbərlər