“Azərenerji” ASC-nin növbəti 10 illikdə inkişaf istiqamətlərini müəyyənləşdirmək üçün Strateji İnkişaf Proqramı hazırlanıb.
Bu barədə “Report”a qurumdan bildirilib.
Məlumata əsasən, proqramda bir sıra yeniliklər nəzərdə tutulub.
“Belə ki, proqram elektroenergetika sahəsində dünyada və regionda gedən tendensiyaları, Azərbaycanda elektrik enerjisinə tələb proqnozu və generasiya imkanlarını, enerjisistemin bu gününün və gələcək planlarının müxtəlif aspektlərdən qiymətləndirilməklə bir sıra istiqamətləri əhatə edir.
Bunlar liberal bazar modelinə keçid, generasiya güclərinin və elektrik şəbəkələrinin inkişafı, əməliyyat fəaliyyətinin təkmilləşdirilməsi, rəqəmsallaşma, mövcud və yeni ixrac bazarlarında iştirak və ölkədən kənarda genişlənmədir.
Hazırda Azərbaycanda elektroenergetika sahəsində liberal bazar modelinə keçidi gündəmdədir. Biz bu məsələ ilə bağlı Türkiyə təcrübəsini öyrənirik. Bizə məlumdur ki, bu istiqamətdə ilk addımları Türkiyə hələ 1999-cu ildə atmağa başlayıb”.
Açıqlkamada deyilir ki, “Azərenerji” təcrübə mübadiləsi üçün Türkiyə ilə əməkdaşlığı genişləndirmək niyyətindədir:
“Bu mövzuda niyyətimiz var ki, həm liberal bazar modelinin tətbiqi, həm də ümümilikdə elektroenergetika sahəsində türk şirkətlərinin fəaliyyətini öyrənmək məqsədilə Türkiyəyə “Azərenerji”nin əməkdaşlarını təcrübə proqramları çərçivəsində ezam edək.
Hesab edirik ki, ölkə iqtisadiyyatının digər sahələrində olduğu kimi elektroenergetika sahəsində də Türkiyədəki həmkarlarımızla, xüsusi ilə TEİAŞ (“Türkiye Elektrik İletim Anonim Şirketi”) ilə sıx iş birliyi qurmağımız faydalı olacaq".
Hal-hazırda elektroenergetika sahəsində liberal bazar modelinə mərhələli keçidlə bağlı təkliflər və bu sahədə bazar prinsiplərini ehtiva edən yeni qanun layihəsi hazırlanır.
Qeyd edək ki, dünən Bakıda keçirilən Azərbaycan-Türkiyə I Enerji Forumu çərçivəsində “Azərenerji" və TEİAŞ arasında əməkdaşlıq Protokolu imzalanıb.
Xatırladaq ki, noyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 milyard 408,9 milyon kVt/saat, ixracı 233,9 milyon kVt/saat, idxalı 10,4 milyon kVt/saat olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə noyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 288,4 milyon kVt/saat, ixrac 146,1 milyon kVt/saat artıb, idxal isə 0,3 milyon kVt/saat azalıb.