Bu ilin I rübü ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri üzrə əməliyyat xərcləri 9 milyon ABŞ dolları, əsaslı xərclərə isə təqribən 4 milyon ABŞ dolları xərclənib.
“Report” “BP-Azerbaijan” şirkətinin hesabatına əsasən xəbər verir ki, 2021-ci ilin birinci rübü ilə müqayisədə BTC-nin əməliyyat xərcləri 32 milyon ABŞ dolları və ya 4,6 dəfə azalıb.
Ötən rüb illik müqayisədə əsas ixrac boru kəmərinin əsaslı xərcləri isə 2 milyon ABŞ dolları və ya 1,5 dəfə azalıb.
Bildirilir ki, 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2022-ci ilin birinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 509 milyon ton (3,82 milyard barel) xam neft nəql edilib və Ceyhanda 5 007 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
Bu ilin birinci rübü ərzində BTC vasitəsilə ixrac olunmuş 6,7 milyon tondan artıq (təqribən 51 milyon barel) xam neft və kondensat 68 tankerə yüklənib və yola salınıb. I rübdə BTC ilə nəqlin həcmi illik müqayisədə eynidir.
Martın 23-də BTC boru kəməri Səngəçal terminalından Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Ceyhan terminalına ixrac olunmuş neftin yüklənildiyi 5000-ci tankerin yola salınmasını qeyd edib.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər xam neft və kondensat həcmləri də nəql olunur.
Qeyd edək ki, "BTC Ko"nun səhmdarları BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %, 16 aprel tarixindən “Chevron” şirkətini əvəz edib); “Equinor” (8,71 %); TPAO (6,53 %); “Eni” (5 %); “Total” (5 %), “İtochu” (3,4 %); “İnpex” (2,5 %), “ExxonMobil” (2,5 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir.