Bu ilin yanvar-mart aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri üzrə əməliyyat xərcləri 33 milyon ABŞ dolları, əsaslı xərcləri isə təqribən 7 milyon ABŞ dolları təşkil edib.
“Report” “BP-Azerbaijan” şirkətinin hesabatına əsasən xəbər verir ki, 2023-cü ilin birinci rübü ilə müqayisədə BTC-nin əməliyyat xərcləri 1 milyon ABŞ dolları və ya 2,94 %, əsaslı xərcləri isə 3 milyon ABŞ dolları və ya 30 % azalıb.
Bildirilir ki, 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2024-cü ilin aprelin 1-dək bu boru kəməri vasitəsilə ümumilikdə 568 milyon ton (4,3 milyard barel) xam neft nəql edilib və Ceyhanda 5 629 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
Hesabat dövründə BTC vasitəsilə ixrac olunmuş təqribən 7 milyon tondan artıq (təqribən 54 milyon barel) xam neft və kondensat 72 tankerə yüklənib və yola salınıb. I rübdə BTC ilə nəqlin həcmi illik müqayisədə demək olar eynidir.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan və Türkmənistan, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) AÇG-dən kənar hasilat həcmləri) də nəql olunur.
Qeyd edək ki, BTC Ko.-nun səhmdarları BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %), “Equinor” (8,71 %); TPAO (6,53 %); “Eni” (5 %); “TotalEnergies” (5 %), “İtochu” (3,4 %); “İnpex” (2,5 %), “ExxonMobil” (2,5 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir.