Bu ilin yanvar-iyun aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri üzrə əməliyyat xərcləri 60 milyon ABŞ dolları, əsaslı xərcləri isə təqribən 30 milyon ABŞ dolları təşkil edib.
Bu barədə “Report” “BP-Azerbaijan” şirkətinin hesabatına istinadən xəbər verir. İllik müqayisədə BTC-nin əməliyyat xərcləri 10,5 milyon ABŞ dolları (14,9 %) az, əsaslı xərcləri isə 12,3 milyon ABŞ dolları (69,5 %) çoxdur.
Bildirilir ki, 1 768 km uzunluğunda olan BTC boru kəməri vasitəsilə 2006-cı ilin iyun ayında istismara veriləndən 2025-cü ilin iyun ayının sonunadək ümumilikdə 605 milyon ton (4,6 milyard barel) xam neft nəql edilib və Ceyhanda 6 007 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
Hesabat dövründə BTC vasitəsilə ixrac olunmuş təqribən 13 milyon tondan artıq (təqribən 106 milyon barel) xam neft və kondensat 145 tankerə yüklənib və yola salınıb. Yanvar-iyun aylarında BTC ilə nəqlin həcmi illik müqayisədə 1 milyon ton və ya 7,1 % azalıb.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan və Türkmənistan, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) AÇG-dən kənar hasilat həcmləri) də nəql olunur.
Qeyd edək ki, BTC Ko.-nun səhmdarları BP (30,1 %); SOCAR (32,97 %); MOL (8,9 %), TPAO (6,53 %); “Eni” (5 %); “TotalEnergies” (5 %), “İtochu” (3,4 %); “İnpex” (2,5 %), “ExxonMobil” (2,5 %) və ONGC (BTC) Limited (3,1 %) şirkətləridir.