Bu il BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 7 %-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 29 milyon 787,7 min ton neft nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8,3 % çoxdur.

Nəqletmənin 76,1 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.

Bu ilin 9 ayında bu kəmər vasitəsilə 22 milyon 665,1 min ton neft ötürülüb. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4,5 % artıb.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83,1 %-ini və ya 18 milyon 844,8 min tonunu Azərbaycanda hasil edilən neft, 16,9 %-ini və ya 3 milyon 820,3 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib. Bu ilin ilk 9 ayında 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə Türkmənistan və Qazaxıstan neftinin nəqli 6,7 % artıb.

Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.

BTC Co.-nun səhmdarları: BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %); "Equinor" (8,71 %); TPAO (6,53 %); "Eni" (5 %); Total (5 %), İTOÇU (3,4 %); İNPEX (2,5 %), "ExxonMobil" (2,5 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir.

Digər xəbərlər