Bu il Azərbaycan qaz hasilatını 2,5 % artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 8,2 milyard kubmetr təbii qaz hasil edilib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin açıqladığı operativ məlumatlarında deyilir. Bu, 2023-cü ilin müvafiq dövrünə nisbətən 240 milyon kubmetr və 2,5 % çoxdur.

Bildirilir ki, hasil edilən qazın 2,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan, 4,5 milyard kubmetri “Şahdəniz” yatağından, 0,3 milyard kubmetri “Abşeron” yatağından, hasil olunub.

2023-cü ilin ilk iki ayı ilə müqayisədə AÇG-dən qaz hasilatı 0,1 milyard və ya 4,6 % azalıb, “Şahdəniz” yatağından isə 0,1 milyard kubmetr və ya 2,3 % artıb.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu dövrdə 1,3 milyard kubmetr qaz hasil edib. SOCAR üzrə qaz hasilatının həcmi 2023-cü ilin ilk iki ayı ilə müqayisədə 0,1 milyard kubmetr və ya 7,2 % azalıb.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %), INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 29,99 %), "LUKoil" (19,99 %), TPAO (19 %), NİCO (10 %) "SGC Upstream" (21,02 %) şirkətləri iştirak edir.

"Abşeron" yatağı isə Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir. Bu, Xəzər dənizində "Şahdəniz" yatağından sonra ikinci böyük qaz yatağıdır.

"Abşeron" yatağı üzrə 2009-cu ildə Fransanın "Total" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında kontrakt imzalanıb. 2023-cü ilin avqustun 4-də isə Abu Dabi Milli Neft Şirkəti (ADNOC) ilə "Abşeron" qaz-kondensat yatağında 30 %-lik iştirak payının əldə edilməsinə dair Saziş imzalanıb. Satınalma tamamlandıqdan sonra SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payları müvafiq olaraq 35 % təşkil edəcək.

Digər xəbərlər