Bu gün BP şirkəti Azərbaycanda inklüziv cəmiyyətin təşviqi, inklüziv təhsilin inkişafı və görmə məhdudiyyətli şəxslərin sosial inteqrasiyasının gücləndirilməsinə yönəlmiş sosial təşəbbüsün başa çatdığını elan edib.
"Report" xəbər verir ki, layihədə əsas məqsəd ölkə üzrə 40 000-dən çox görmə məhdudiyyətli insanın, o cümlədən təxminən 9 000 uşağın mütaliə tələbatını qarşılamaq məqsədilə Brayl əlifbasında nəşr olunmuş Azərbaycan və xarici ədəbiyyat nümunələrindən ibarət müasir kitabxana yaratmaqdır.
Bu təşəbbüs müasir ədəbiyyat nümunələrini Azərbaycan dilində hazırlayaraq ölkənin mərkəzi kitabxanaları vasitəsilə oxuculara çatdırmaqla yanaşı, Brayl əlifbasında dayanıqlı mütaliə vərdişlərinin formalaşmasını dəstəkləyən dəyərli resurs bazasının yaradılması baxımından da çox əhəmiyyətlidir.
Layihə Azərbaycan və dünya ədəbiyyatından 19 seçmə əsərin Brayl əlifbasında nəşrini əhatə edir. Hər bir kitab ölkə üzrə görmə məhdudiyyətli insanların mütaliə ilə bağlı maraq və ehtiyacları nəzərə alınmaqla diqqətlə seçilib. Seçilmiş əsərlərin müəllifləri sırasında İsa Muğanna, Anar, Elçin, Sabir Əhmədli, Mövlud Süleymanlı, Çingiz Hüseynov, Kobo Abe, Henrix Heyne, Oskar Uayld, Əli Kərim, Vaqif Səmədoğlu və bir çox digər görkəmli yazıçı və şairlərin adları var.
Kitabların təqdimatı münasibətilə bu gün keçirilmiş tədbirdə çıxış edən BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, şirkət Azərbaycanda bilik, mədəniyyət və ədəbiyyatı görmə məhdudiyyətli minlərlə insan üçün daha əlçatan etməkdən qürur duyur: "İnklüzivlik və bərabər imkanlar sosial investisiya strategiyamızın əsasını təşkil edir, bu layihə də icmalarda müsbət dəyişikliklər yaratmaq öhdəliyimizin daha bir nümunəsidir. Ədəbiyyatı Braylda nəşr edərək daha əlçatan etməklə, hamının ölkənin həm mədəni, həm də təhsil həyatında bərabər iştirakını dəstəkləmək və ana dilimizdə davamlı oxu mədəniyyətinin inkişafına töhfə vermək istəmişik. İnanırıq ki, bu layihə cəmiyyətimizin çoxsaylı həssas bir qrupu üçün faydalı olmaqla yanaşı, dəyərli təcrübənin yayılması baxımından da əhəmiyyətli bir sosial təşəbbüsdür".
Layihənin ümumi dəyəri 133 000 manat (78 235 ABŞ dolları) təşkil edib. Bu məbləğə əsərlərin Brayl əlifbasında yığılması, redaktə və korrektəsi, eləcə də kitabların dizayn və səhifələmə işləri, habelə 19 adda nəşrin xüsusi kağızda çapı və cildlənməsi xərcləri daxildir. Hər biri 100 nüsxə olmaqla, 19 adda ümumilikdə 1900 kitab nəşr olunub. Layihəni "Azərnəşr" - Azərbaycan Dövlət Nəşriyyatı həyata keçirib.