Bakı. 11 sentyabr. REPORT.AZ/ Azərbaycanda bu ilin yanvar-avqust aylarında 28,6 mln. ton həcmində neft hasil olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə neft hasilatı 1,7% azalıb. Bu barədə "Report"a Azərbaycan Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qiymətləndirilən dövr ərzində ölkədə 12,3 mlrd. kubmetr həcmində əmtəə qazı hasil olunub. Əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə əmtəə qazın hasilatı 5,1% artıb.
Qeyd edək ki, 2013-cü ilin nəticələrinə görə, Azərbaycanda neft hasilatı 43,5 mln. ton təşkil edib. SOCAR-ın proqnozlarına əsasən, bu il ölkədə ümumilikdə 41,2 mln. ton neft hasil olunacağı gözlənilir. Ötən il əmtəə qazın hasilatı 17,9 mlrd. kubmetr təşkil edib.