Bu ilin yanvar-mart aylarında “Azəristiliktəchizat” ASC tərəfindən ümumilikdə 891 910 Qkal istilik enerjisi istehsal olunub.
“Report” quruma istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 133 Qkal və ya 0,9 % çox olub.
Təbii qaz sərfi 151,2 min kubmetr azalaraq 123 milyon 278,3 min kubmetr, 1 Qkal istilik enerjisinin istehsalına sərf edilən qazın xüsusi sərfi isə 1,6 kubmetr/Qkal azalaraq 138,5 kubmetr/Qkal təşkil edib.
Şuşa şəhərində yeni tikilən qazanxanalarda ümumilikdə 1 577,8 Qkal istilik enerjisi istehsal edilib ki, onun da 65 %-i elektrik enerjisi ilə işləyən qazanxanaların payına düşür.
Bu ilin ilk üç ayı ərzində elektrik enerjisi sərfi 37 milyon 70,9 min kVts olub, bu da ötən ilə nisbətən 221,4 min kVts azalma deməkdir, su sərfi isə 14,5 min kumetr azalma ilə 516,6 min kubmetr təşkil edib.
İstilik enerjisi istehsalının 99,8 %-i qaz yanacağı ilə, 0,2 %-i isə dizel və elektrik enerjisi ilə həyata keçirilib.
I rüb ərzində Bakı şəhəri və respublikanın regionlarında 554 qazanxana istismar edilməklə, o cümlədən xidmət müqavilələrinə əsasən 26 qazanxana, 3 837 yaşayış binası, 746 təhsil və səhiyyə müəssisələri, 2 600-ə yaxın digər sosial obyekt istiliklə təmin edilib. İstismar edilən 43 qazanxana vasitəsi ilə 3 779 mənzilli 54 yaşayış binasında 11 min nəfərə yaxın sakinə, 72 sosial və digər təsərrüfat obyektinə isti su təchizatı xidmətləri göstərilib.