Azərbaycanın magistral qaz kəmərlərinin fəaliyyətindən əldə etdiyi gəlirlər açıqlanıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanın magistral qaz kəmərlərinin, o cümlədən Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) fəaliyyətindən əldə olunan gəlirlər 669 milyon 264,9 min manat (cari məzənnə ilə 394 milyon ABŞ dolları) təşkil edib.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu gəlirlər 4,5 % artıb.

Bu ilin birinci rübündə magistral qaz kəmərləri şəbəkəsində itkilər 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 16,2 milyon kubmetrlə müqayisədə 8,6 % azalaraq 14,8 milyon kubmetr təşkil edib.

Hesabat dövründə qaz kəmərləri ilə 11 milyard 133,6 milyon kubmetr qaz (1,2 % çox) nəql olunub. Eyni zamanda, nəql olunan ümumi həcmin 50,1 %-i Cənubi Qafqaz Boru Kəmərinin payına düşüb.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanın magistral qaz kəmərlərinin, o cümlədən CQBK-nın fəaliyyətindən əldə edilən gəlirlər 2 milyard 516 milyon 082,5 min manat (8,1 % çox) olub. 2023-cü ilin sonuna şəbəkədə itkilər 18,2 % artaraq 59,8 milyon kubmetr təşkil edib.

Digər xəbərlər