2022-ci ilin 9 ayı ərzində Azərbaycanda günəş enerjisi ilə işləyən stansiyaların istehsalı 49,5 milyon kVt/saat təçkil edib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2021-ci ilin yanvar-sentyabr aylarının göstəriciləri ilə müqayisədə 15,4 % çoxdur.
Məlumata görə, bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2 milyard 77,2 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib. Bu, daha əvvəlki ilin 9 ayı ilə müqayisədə bu sahədə 3,8 % artım müşahidə olunub.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 5,5 % artaraq 362,5 milyon manat təşkil edib.
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 20 milyard 251 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 4,8 % çoxdur. Bunun 19 milyard 578,3 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə 4,5 % çoxdur.
Bunun 1 milyard 375,9 milyon kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da illik müqayisədə 38 % çoxdur.
İstilik elektrik stansiyalarının istehsalı 18 milyard 120,2 milyon kVt/saat təşkil edib, bu da 2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2,8 % çoxdur.
Hesabat dövründə Azərbaycanda 32,7 milyon kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2021-ci ilin yanvar-sentyabr göstəriciləri ilə müqayisədə 50,2 % azdır.