Azərbaycan yanvarda neft koksunun ixracını 6 dəfə artırıb

Bu ilin yanvar ayında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 23 min 523,61 ton neft koksu ixrac edib.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə neft koksunun dəyəri 9 milyon 644,68 min ABŞ dolları təşkil edib.

Bu, 2025-ci ilin ilk ayı ilə müqayisədə müvafiq olaraq 6 dəfə və 23,5 dəfə çoxdur.

Ötən ay ərzində neft koksunun ölkənin ümumi ixracında payı 0,43 % olub.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 3 milyard 538 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,4 % azalıb, idxal isə 36,5 % azalıb.

Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, "Azərikimya" İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

Digər xəbərlər

Azərbaycan nefti cüzi ucuzlaşıb 14 fevral, 2026 / 09:10