Bu ilin yanvar-may aylarında Azərbaycandan Rusiyaya 465,51 ton xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 282,82 min ABŞ dolları təşkil edib.
Bu ilin 5 ayında Azərbaycandan Rusiyaya ixrac olunmuş məhsulun miqdarı 2021-ci ilin yanvar-may aylarının göstəriciləri ilə müqayisədə 41,02 %, dəyəri isə 76,1 % çoxdur.
Azərbaycandan Rusiyaya ixrac edilən xam neftin ümumi ixracında payı 0,004 % olub.
Xatırladaq ki, bu ilin yanvar-may ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 11 milyon 383 min 685 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 8 milyard 058 milyon 720 min ABŞ dolları təşkil edib.
Ötən 5 ayda xarici ticarət dövriyyəsinin 15 milyard 416,51 milyon ABŞ dolları ixracın, 5 milyard 135,56 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 2,1 dəfə, idxal isə 16,9 % artıb.