Azərbaycan ötən il Gürcüstanın kimya məhsulları ixrac etdiyi əsas bazarlardan olub

2023-cü ildə Gürcüstan Azərbaycana 41 milyon ABŞ dolları dəyərində kimya və yaxud əlaqəli sənaye məhsulları ixrac edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci illə müqayisədə 8 % çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstanın bu məhsulları ixrac etdiyi ölkələr sırasında 4-cü yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 432,2 milyon ABŞ dolları dəyərində analoji məhsul satıb ki, bu da 1 il əvvələ nisbətən 16 % azdır.

Ötən il Gürcüstandan Özbəkistana 70,2 milyon ABŞ dolları, Peruya 61,7 milyon ABŞ dolları, Ermənistana 44,3 milyon ABŞ dolları, Rumıniyaya 21,6 milyon ABŞ dolları dəyərində tədarük həyata keçirilib.

Xatırladaq ki, 2022-ci ildə Gürcüstan 517,1 milyon ABŞ dolları dəyərində kimya və ya əlaqəli sənaye məhsulları ixrac edib ki, bunun da 37,7 milyon ABŞ dolları Azərbaycanın payına düşüb. 2021-ci illə müqayisədə Azərbaycanın Gürcüstandan həmin məhsulların tədarükünə çəkdiyi xərci 5 % azalıb.

Digər xəbərlər