Azərbaycan Gürcüstanın kimya məhsulları ixrac etdiyi ölkələrin ilk beşliyindədir

Bu ilin yanvar-noyabr aylarında Gürcüstan Azərbaycana 35,6 milyon ABŞ dolları dəyərində kimya və ya əlaqəli sənaye məhsulları ixrac edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən 5,3 % çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstanın bu məhsulları ixrac etdiyi ölkələr sırasında 4-cü yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 390 milyon ABŞ dolları dəyərində analoji məhsul satıb ki, bu da bir il əvvəlki göstəricidən 15 % azdır.

2023-cü ilin 11 ayı ərzində Gürcüstandan Özbəkistana 59,3 milyon ABŞ dolları dəyərində, Peruya 52,51 milyon ABŞ dolları dəyərində, Ermənistana 40,74 milyon ABŞ dolları dəyərində, Rumıniyaya 19,73 milyon ABŞ dolları dəyərində tədarük həyata keçirilib.

Xatırladaq ki, 2022-ci ildə Gürcüstan 517,1 milyon ABŞ dolları dəyərində kimya və ya əlaqəli sənaye məhsulları ixrac edib ki, bunun da 37,7 milyon ABŞ dolları Azərbaycanın payına düşüb. 2021-ci illə müqayisədə Azərbaycanın Gürcüstandan həmin məhsulların tədarükünə çəkdiyi xərci 5 % azalıb.

Digər xəbərlər