Azərbaycan daha bir ölkədən maye qaz almağa başlayıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrdən 32 min ABŞ dolları dəyərində 20,5 ton maye qaz (propan, butan, digər qazlar maye halında) alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 40 dəfə, kəmiyyət olaraq – 256 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycana İsraildən 24,41 min ABŞ dolları dəyərində 20 ton, Almaniyadan 4,54 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 6 dəfə çoxdur) 0,08 ton (dəyişməyib), Çindən 2,68 min ABŞ dolları dəyərində 0,37 ton (bir il əvvəl tədarük olmayıb) və İsveçrədən 0,08 min ABŞ dolları dəyərində 0,01 ton (bir il əvvəl tədarük olmayıb) məhsul idxal edilib.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İsraildən tədarük həyata keçirilib.

Hesabat dövründə Azərbaycan (bir əvvəl olduğu kimi ancaq Rusiyaya) 477,38 min ABŞ dolları dəyərində (-81 %) 9 min 946 ton (+88 %) maye qaz (etilen, propilen, butilen və butadien qazı maye halında) ixrac edib.

Digər xəbərlər