“Anglo Asian Mining” qızıl hasilatını azaldıb

“Anglo Asian Mining” şirkəti ilin birinci rübündə qızıl və mis istehsalını azaldıb, gümüş istehsalını isə artırıb.

“Report” xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir.

Belə ki, London birjasında qeydiyyatdan keçmiş “Anglo Asian Mining” hasilat şirkətinin verdiyi məlumata görə, hesabat dövründə 10.040 oz qızıl, 568 ton mis istehsal olunub. Ötən ilin müvafiq dövründə isə qızıl hasilatı 11.907 oz, mis hasilatı da 638 ton olub.

Həmçinin Gədəbəy gümüş mədənində hasilat həcmi ötən ilin birinci rübündə 35.365 oz, bu ilin birinci rübündə isə 50.689 oz təşkil edib.

Şirkətin açıqlamasına görə, bu ilin birinci rübündə orta qiyməti 1904 dollar olan 7519 oz qızıl külçə satılıb. Ötən ilin müvafiq dövründə isə 5635 oz külçə 1697 dollardan satılıb.

Şirkətin malik olduğu nağd vəsaitin həcmi dekabrın 31-dəki 37,5 milyon dollardan 29,4 milyon dollaradək azalıb. Həmçinin 8 milyon dollar dəyərində satılmamış qızıl və mis külçəsi qalıb.

“Böyümə strategiyamızı həyata keçirmək üçün əvvəlki kimi güclü maliyyə mövqeyindəyik”, - “Anglo Asian Mining” şirkətinin icraçı direktoru Rza Vəziri bildirib.

Digər xəbərlər