Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti 2030-cu ilə qədər öz layihə portfelində bərpa olunan enerji mənbələrinin (BOEM) payını 80 %-ə, layihələrin sayını isə 250-yə çatdırmağı planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə “ACWA Power”in Azərbaycan və Türkiyə üzrə baş direktoru Selim Güven Bakı Enerji Forumu çərçivəsində bildirib.
“Bu gün “yaşıl keçid”i həyata keçirmək üçün bütün lazımi vasitələrə malik olan az sayda qlobal şirkətlərdən biriyik. Hazırda biz 14 ölkədə - əsasən inkişaf etməkdə olan bazarlarda və Qlobal Cənub ölkələrində 107 milyard ABŞ dolları dəyərində 101 layihəni idarə edirik. Biz bərpa olunan enerji sahəsində fəal şəkildə inkişaf edirik. İdarəçiliyimiz altında olan təxminən 80 QVt quraşdırılmış gücün 48 %-i BOEM-in payına düşür. Hədəfimiz 2030-cu ilədək bu göstəricini təxminən 80 %-ə çatdırmaq və portfeli 250 milyard ABŞ dolları dəyərində 250 layihəyə qədər genişləndirməkdir”, - o vurğulayıb.
S.Güven qeyd edib ki, “ACWA Power” 21 illik fəaliyyət dövrü ərzində qlobal iqlim təşəbbüsləri ilə sıx əlaqədə enerji keçidi yolunu qət edib.
O həmçinin vurğulayıb ki, Azərbaycanda külək parkının tikintisində iştirak edən komandanın 95 %-ni yerli mütəxəssislər təşkil edir.