Londonun "ICE" birjasında "Brent" markalı xam neftin 2026-cı ilin avqust ayında çatdırılma üçün fyuçerslərinin qiyməti 1,91% artıb.
"Report" xəbər verir ki, "Brent" markalı neftin qiyməti 2,58% artaraq barel üçün 95,5 dollara çatıb.
Bakı vaxtı ilə səhər saat 08:09-a qədər "Brent" markalı neftin qiyməti 94,88 dollar/barel (1,91% artım) səviyyəsində olub.
Bu arada, 2026-cı ilin iyul ayında çatdırılma üçün "WTI" xam neftinin fyuçerslərinin qiyməti 2,13% artaraq 91,95 dollar/barel təşkil edib.
Qeyd edək ki, ABŞ ordusu İrandakı hədəflərə əlavə zərbələr endirib. Bunun əvəzində İran Hörmüz boğazını bütün növ gəmilər üçün bağlayıb. Regionda baş verən hadisələr neftin qiymətinə təsir edib.