Azərbaycanda məktəbəqədər uşaqların sayı 650 minə çatıb

Bakıda bağçaların, özəl kursların sayını artırmaq üçün tikinti standartlarına yenidən baxılmalıdır.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Fariz İsmayılzadə Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi ilə bağlı qanunvericiliyə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib.

O bildirib ki, hazırda ölkədə məktəbəqədər uşaqların sayı 650 minə çatıb.

F.İsmayılzadə qeyd edib ki, onlardan yalnız 120 mini dövlət məktəbəqədər təhsil müəssisələrində təhsil ala bilir:

“Digər uşaqlar ya bu prosesdən uzaqda qalır, ya da özəl bağçalarda, kurslarda təhsil alırlar. Biz bu rəqəmləri kütləvi olaraq artırmalıyıq. Milli strategiyamızda qarşıya məqsəd qoyulub ki, məktəbəqədər hazırlıq səviyyəsinin əhatəliliyi 50 fazi olsun.

Amma eyni zamanda qeyd etməliyəm ki, BMT standartlarına görə, bu göstərici 90 faiz olmalıdır. Təəssüf ki, biz bu rəqəmlərə çata bilməmişik. Bu qanunlara təklif olunan dəyişiklik əhatəni artırır və özəl kursları da bu prosesə cəlb edir”.

Deputat eyni zamanda təklif edib ki, Bakıda bağçaların, kursların sayını artırmaq üçün tikinti standartlarına yenidən baxılmalıdır:

“Çünki Sovet dövründə qəbul olunmuş tikinti standartları müasir məktəbəqədər hazırlıq mərkəzlərinin inkişafına məhdudiyyətlər yaradır”.

Digər xəbərlər