Samuxda suvarma dövrünün fəsadları - Yaşayış evləri daşqından necə qorunacaq?

Samux rayonu Köbər kəndinin bir sıra sakinləri suvarma dövründə evlərini su basmasından şikayətçidirlər.

Bu barədə "Report"un Qərb bürosuna kənd sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, Köbər kəndində 7 ailənin yaşadığı ərazidə suvarma dövründə evləri və həyətyanı sahələrini su basır. Buna səbəb isə sahələrdən keçən suyun axını üçün kanalın olmamasıdır.

Kənd sakini Mənsur Məmmədov bildirib ki, onun və qonşuluqdakı 7 ailənin yaşadığı evlərə və həyətyanı sahələrə axan su təsərrüfatla yanaşı, evlərdə də ciddi fəsadlar yaradır:

“Artıq xeyli vaxtdır ki, bu problemlə üz-üzəyik. Aidiyyəti qurumlara müraciət edilsə də, hələ ki bir tədbir görülməyib. Biz istəyirik ki, burada ən azı 100 metrlik kanal çəkilsin və su da onun məcrası ilə axıb getsin”.

Məsələ ilə bağlı “Report”un Qərb bürosuna danışan Samux rayon icra hakimiyyəti başçısının Qaraağaclı qəsəbəsi üzrə nümayəndəsi Vidadi Ələkbərov Köbər kənd sakinlərini narahat edən problem barəsində məlumatlı olduqlarını, onların şikayətinə dərhal reaksiya verildiyini deyib:

“Hazırda suyun axını üçün arx qazılması məqsədilə əraziyə ağır texnika gətirilib. Arxın qazılması bu gün ərzində və ya sabah başa çatdırılacaq”.

Xəbər lenti