Fərid Şəfiyev: "Su məsələsi dünya üçün ciddi çağırış olaraq qalır"

Azərbaycan şirin su qıtlığının artmasından narahatdır və su resursları problemini həm region, həm də bütövlükdə dünya üçün əsas çağırışlardan biri hesab edir.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev "Dayanıqlı inkişaf üçün su" Beynəlxalq Onillik Fəaliyyətə (2018–2028) dair IV Yüksək Səviyyəli Beynəlxalq Konfransa hazırlığa həsr olunmuş brifinqdə bildirib.

"Azərbaycan şirin su təminatı ilə bağlı mövcud vəziyyətdən ciddi şəkildə narahatdır. Problem Azərbaycan da daxil olmaqla bütün region üçün aktual olaraq qalır və ümumilikdə qlobal səviyyədə, o cümlədən Mərkəzi Asiyada getdikcə daha kəskin xarakter alır", - F.Şəfiyev qeyd edib.

Onun sözlərinə görə, Qarabağ regionunun inkişafı ilə su resurslarına çıxış əhəmiyyətli dərəcədə genişlənir, lakin su çatışmazlığı problemi hələ də öz aktuallığını qoruyub saxlayır.

F.Şəfiyev, həmçinin hazırda beynəlxalq ictimaiyyətin bir sıra kəskin münaqişələrə - xüsusilə Rusiya-Ukrayna münaqişəsinə, eləcə də Yaxın Şərqdəki gərginliyə diqqət yetirdiyini vurğulayıb: "Ənənəvi fikir ayrılığı mövzuları - neft və energetika - yenidən ön plana çıxır. Lakin buna baxmayaraq, su resursları ilə bağlı problem son dərəcə ciddi olaraq qalır".

BMTM-in İdarə Heyətinin sədri xatırladıb ki, Azərbaycan artıq su təhlükəsizliyi məsələlərinə həsr olunmuş bir sıra tədbirlər keçirib: "Bu təşəbbüslər çərçivəsində biz ekspertlər və beynəlxalq iştirakçılarla müzakirələri davam etdirəcəyik".

Qeyd edək ki, "Dayanıqlı inkişaf üçün su" Onillik Fəaliyyətə (2018–2028) üzrə dair IV Yüksək Səviyyəli Beynəlxalq Konfrans 2026-cı il mayın 25-dən 28-dək Düşənbədə keçiriləcək.

Digər xəbərlər

Sabah yağış yağacaq 05 may, 2026 / 12:39
Sabah 23 dərəcə isti olacaq 04 may, 2026 / 12:46