Bakıda Xəzər günü ilə bağlı tədbir keçirilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Dənizkənarı Milli Parkda 12 avqust “Xəzər günü” ilə bağlı tədbir keçirilir.

"Report"un məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov Xəzər dənizinin nəinki Azərbaycan üçün, ümumi olaraq regionun ekosistemində önəmli yer tutduğunu bildirib:

“2006-cı ilin bu günü BMT-nin Ətraf Mühit Proqramının dəstəyi ilə Xəzər dənizinin ətraf mühitinin mühafizəsinin beynəlxalq səviyyədə tanınması üçün beş Xəzəryanı dövlət arasında “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası” imzalanıb. Bununla da 12 avqust “Xəzər günü” kimi beynəlxalq səviyyədə, xüsusilə Xəzəryanı dövlətlərdə qeyd olunmağa başlanılıb".

O vurğulayıb ki, Xəzər gününün qeyd edilməsində əsas məqsəd dənizin ətraf mühitinin çirklənmədən qorunmasından, bioloji ehtiyatların mühafizəsindən, bərpası, davamlı və səmərəli istifadəsindən, həmçinin bu istiqamətdə əhalinin maarifləndirilməsindən ibarətdir:

"Hər il Azərbaycanda ETSN-in əməkdaşları, ictimai təşkilatlar və ictimaiyyət nümayəndələrinin iştirakı ilə maarifləndirici tədbirlər, o cümlədən Xəzər sahillərində təmizlik və abadlıq işləri həyata keçirilir".

F.Mütəllimov söyləyib ki, son illərdə iqlim dəyişikliyi ilə əlaqədar Xəzər dənizində suyun səviyyəsində dəyişiklik müşahidələr edilir.

"İnsanların da dənizə qarşı münasibəti unikal olmalıdır. Ona görə də şimaldan cənuba doğru nazirlik olaraq təmizlik aksiyaları keçiririk. Təəssüf ki, yenə də əhalinin sanitar qaydalara riayət etmədiyini görürük. Bu gün keçirdiyimiz tədbirin məqsədi təbiətə münasibətin dəyişməsi, Xəzərin çirkləndirilməsinin qarşısının alınması üçün maarifləndirmə işlərinin də aparılmasıdır".

Şöbə müdiri həmçinin deyib ki, Xəzərdə dənizin ekoloji vəziyyəti, Xəzərdə fəaliyyət göstərən platformaların dənizə təsiri, biomüxtəlifliyin öyrənilməsi ilə bağlı ekspedisiyalar il ərzində müxtəlif vaxtlarda aparılır.

Qeyd edək ki, Dənizkənarı Milli Parkda 12 avqust - Xəzər gününə həsr olunmuş tədbir keçirilir. Tədbirdə milli parklar barədə məlumatlandırıcı guşələr yerləşdirilib, həmçinin ETSN tərəfindən keçirilən təmizlik aksiyaları ilə bağlı maarifləndirici çarxlar nümayiş olunur.

Xəbər lenti