Azərbaycanın DOST modeli əhalinin sosial müdafiəsi sahəsində digər dövlətlər üçün nümunə ola bilər.
"Report" xəbər verir ki, bu barədə İslam İnkişaf Bankı (IsDB) Qrupunun qadınların və gənclərin hüquq və imkanlarının genişləndirilməsi bölməsinin meneceri Əhməd Faruk Diken IsDB Qrupunun Bakıda keçirilən illik toplantısı çərçivəsindəki panel sessiyasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan DOST modeli vasitəsilə əmək, məşğulluq və sosial müdafiə sahələrində göstərilən xidmətləri vətəndaşyönümlü vahid platformada birləşdirib. Bu platforma xidmətləri xidmət mərkəzləri, səyyar bölmələr və rəqəmsal kanallar vasitəsilə təqdim edir.
"Vətəndaşların məmnunluq səviyyəsi sabit olaraq 98 %-i ötür, müraciətlərin gözləmə və emal vaxtı isə saatlarla deyil, dəqiqələrlə ölçülür".
Ə.Diken bildirib ki, 2019-cu ildə ilk DOST mərkəzinin açılışından bəri 3 milyondan çox vətəndaş müraciətinə xidmət göstərilib. O vurğulayıb ki, bu təcrübə artıq digər ölkələrdə də tətbiq olunmağa başlayıb.
Bankın nümayəndəsi həmçinin dünyada davam edən sosial müdafiə çatışmazlığına da diqqət çəkib. Onun sözlərinə görə, təxminən 3,8 milyard insanın hələ də əsas dəstək mexanizmlərinə çıxışı yoxdur və dayanıqlı sosial sistemlərin yaradılması bir çox dövlətlər üçün əsas vəzifələrdən biri olaraq qalır.