Londonda ABŞ və Avropa nümayəndələri ilə danışıqlarda Ukrayna nümayəndə heyəti tam və ya qismən atəşkəs rejimini müzakirə etmək niyyətindədir.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bunu Kiyevdə keçirdiyi brifinqdə Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
"Bizim komandaya gəlincə, sabah onun əlində olan mandat var - bu, qeyd-şərtsiz atəşkəs və ya qismən atəşkəslə bağlı müzakirədir. Biz bu mərhələyə hazırıq", - o deyib.
Onun sözlərinə görə, atəşkəsdən sonra Ukrayna Rusiya ilə istənilən formatda danışıqlar masası arxasına əyləşməyə hazırdır: “Biz atəşkəsdən sonra istənilən formatda danışıqlar masasına oturmağa hazırıq ki, dalana dirənməsin”, - Ukrayna lideri əlavə edib.
Qeyd edək ki, Londonda ABŞ, Avropa və Ukrayna arasında danışıqlar aprelin 23-də başlayacaq. Ukrayna nümayəndə heyətinə Prezident Ofisinin rəhbəri Andrey Yermak, onun müavini Pavlo Palisa, Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sıbiha və müdafiə naziri Rüstem Umerov daxildir.